Accessibility links

Rusiya: Əfqanıstanda çarter təyyarəsinin qəzası zamanı 4 nəfər sağ qalıb


Badakhshan province, Afghanistan
Badakhshan province, Afghanistan

Rusiyanın aviasiya idarəsi bazar günü Rusiyanın səfirliyinə istinadən Əfqanıstanın şimalında Moskvaya uçan çarter təyyarəsinin qəzaya uğradığı zaman 4 nəfərin sağ qaldığını, təyyarədə olan digər iki sərnişinin vəziyyəti ilə bağlı hələ dəqiq məlumatın olmadığını bildirib.

Talibanın iki rəsmisi sağ qalan dörd nəfərin hazırda ucqar dağlıq qəza yerinə çatan Taliban rəsmilərinin yanında olduğunu bildirib. Onlar digər iki sərnişinin həlak olduğunu bildiriblər.

Taliban administrasiyasının sözçüsü Zabihullah Mücahid bildirib ki, təyyarənin pilotu sağ qalan 4 nəfər arasındadır.

“İslam Əmirliyinin təhqiqat qrupu qalan şəxslərin tapılması və onlara köməklik göstərilməsi üçün səylərini davam etdirir”, o bəyanatında bildirib.

Rusiyanın aviasiya idarəsi bazar günü Əfqanıstan polisinin qəza ilə bağlı məlumat aldığını bildirməsindən sonra altı nəfər sərnişinin olduğu Rusiya çarter təyyarəsinin bir gün əvvəl Əfqanıstan üzərində radar ekranlarından itdiyini bildirib.

Aviasiya idarəsinin açıqlamasında bildirlib ki, 1978-ci il Fransa istehsalı olan Dassault Aviation AM.PA Falcon 10 təyyarəsi Tailandın Pattaya şəhərində Utapao hava limanından Hindistan və Özbəkistan üzərindən Moskvaya təcili yardım çarter reysini icra edirdi.

Rusiyanın SHOT xəbər agentliyi adı açıqlanmayan mənbəyə istinadən təyyarənin radar ekranlarından itməsinə təxminən 25 dəqiqə qalmış pilotun təyyarədə yanacağın tükəndiyi və Tacikistan hava limanına enməyə çalışacağı barədə xəbərdarlıq etdiyi haqda məlumat verib.

Xəbərə əsasən, daha sonra pilot bir mühərrikin, sonra isə ikinci mühərrikin dayandığını bildirib.

Reuters agentliyi SHOT tərəfindən təqdim edilən təfərrüatları dərhal təsdiq edə bilməyib.

Rusiyanın dövlət TASS xəbər agentliyinin Rusiyanın Banqkokdakı səfirliyinə istinadən verdiyi məlumata görə, təyyarə Tailandda rusiyalılar arasında populyar turizm məkanı olan Pattayadan Moskvaya özəl tibbi təxliyə reysini həyata keçirib.

RİA xəbər agentliyinin Tailandın Utapao beynəlxalq hava limanında mənbəyə istinadən verdiyi məlumata görə, “təyyarədə ağır vəziyyətdə olan yataq xəstəsi, Pattayadakı xəstəxanaların birindən Rusiyaya köçürülən Rusiya vətəndaşı olub”.

Rusiya istintaq komitəsi təhlükəsizlik qaydalarının pozulduğunu müəyyən etmək üçün cinayət işinin açıldığını bildirib.

Talibanın nəzarətində olan Əfqanıstanın Aviasiya Nazirliyi X sosial platdormasında verdiyi açıqlamada təyyarənin planlaşdırılan marşrutuna Əfqanıstanın hava məkanından uçuşun daxil olmadığını və təyyarənin “ehtimal ki, texniki problemlər üzündən” planlaşdırılmış marşrutdan kənara çıxdığını bildirib.

Açıqlamada nazirliyin texniki qrupunun məsələ ilə bağlı araşdırma apardığı bildirilib.

Vilayət polisinin sözçüsü bazar günü bildirib ki, Əfqanıstan polisi ölkənin şimalında Bədəxşan ucqar dağlıq bölgəsində təyyarə qəzası barədə məlumat alıb.

Forum

XS
SM
MD
LG