Accessibility links

Narkotik ittihamı ilə həbs olunan fəal: Məni aldatdılar ki, səni cərimə edib buraxacağıq


Elvin Mustafayev (Ulviyya Guliyeva/VOA)
Elvin Mustafayev (Ulviyya Guliyeva/VOA)

Yanvarın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin növbəti məhkəmə prosesi keçirilib. Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, məhkəmədə iki polis şahidi dindirilib:

"Əməliyyatçılardan biri dedi ki, biz Elvini Cəfər Xandan küçəsində saxlamışıq, o, motosikletində olub və guya onlar Elvini Binəqədi Rayon Polis İdarəsinə dəvət ediblər. Polis dedi ki, Elvin idarəyə öz motosikleti ilə, biz isə avtomobilimizlə gəlmişik, daha sonra tətqiqatçının otağına çıxarıblar. Dedi ki, dərhal Elvinin üzərində axtarış aparılıb və guya onun üzərində narkotik aşkarlayıblar".

Sadıqovanın sözlərinə görə, digər şahid isə Elvin Mustafayevi Cəfər Xandan küçəsində saxladıqlarını, daha sonra isə avtomobilə mindirdiklərini dedi.

"Dedi ki, biz onu Binəqədi Polis İdarəsinə gətirmişik, sonra boş otaqda otuzdurmuşuq, az sonra isə təhqiqatçı gəlib. Guya axtarış aparılıb və üzərindən narkotik çıxıb".

Vəkil bildirib ki, fəal şahidlərin dediklərini doğru hesab etmir:

"Elvin dedi ki, onu Cəfər Xandan küçəsində saxlamayıblar, Rüstəm Rüstəmov küçəsi ətrafında "Garden Hall" restoranının yanında 7-8 nəfər tərəfindən saxlanılıb və BMW markalı avtomobilə mindiriblər. Deyir Cəfər Xandan küçəsində 30 dəqiqəyə yaxın maşında fırladıblar, motosikletimi də kimsə arxadan sürüb gəlirdi. Daha sonra idarəyə gətiriblər və deyiblər ki, narkotik ittihamına qol çəkməlisən, boynuna almalısan, yalandan deyiblər ki, bu ittihamı qəbul etsən səni cərimə edib buraxacaqlar. Bildiriblər ki, bir qadın gətirib daha ağır ittihamla şərləyəcəyik ki, sən onu zorlamısan. Elvin deyir o, sənəddə 234.1-ci maddəni görüb və məcburən imzalayıb, başqa çıxış yolunun olmadığını deyib. Sonra məlum olub ki, onlar yalan danışıblar və maddə narkotikin satışı ilə sənədləşdirilib", deyə vəkil qeyd edib.

Vəkil deyir ki, Elvin Mustafayev ittihamı qəbul etmir və özünü təqsirsiz hesab edir.

Elvin Mustafayev avqustun 7-də Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib. Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.

Elvin Mustafayevin ittiham olunduğu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İşçi Masasının İdarə Heyəti üzvü Ayxan İsrafilov da avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilıb.

Ayxan İsrafilov Cinayət Məcəlləsinin 234.1.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

İşçi Masasının sədri Afiəddin Məmmədov isə sentyabrın 20-də həbs olunub.

Məmməddov Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur.

İttihamlar sübut olunarsa Məmmədovu 6 ildən 11 ilədək həbs gözləyir.

Fəallar ittihamları qəbul etmir və həbslərini fəaliyyətləri ilə əlaqələndirirlər.

Forum

XS
SM
MD
LG