Ötən gecə Azərbaycanın bütün ərazisinə güclü qar yağıb.
Yanvarın 14-də səhər saatlarında Bakıda və Abşeronda qar örtüyünün hündürlüyü 3-4 sm olub. Lənkəranda qar örtüyünün hündürlüyü 37 sm, Yardımlıda 35, Astara və Lerikdə 30, Biləsuvarda 22 santimetrə çatıb. Aran rayonlarında qarın hündürlüyü 15 sm-dən aşağı olmayıb, Böyük Qafqaz dağlarında qarın hündürlüyü 12-18 sm olub.
Paytaxtda havanın temperaturu gün ərzində — 2 dərəcəyə enib. Yanvarın 14-də aran rayonlarında gündüz —2 şaxta, dağlıq ərazilərdə isə —8—12 şaxta olub. Bakıda qar yağması bazar günü axşamadək, bütün ölkə ərazisində - bazar ertəsinə kimi davam edəcək.
Ekologiya Nazirliyinin sinoptikləri xəbərdarlıq edir ki, yanvarın 14-15-16-da yollar buz baglayacaq.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə bağlı 22 nəfərin travma səbəbilə müraciəti qeydə alınıb.
Bu barədə TƏBİB məlumat yayıb.
Müxtəlif bədən xəsarətləri, xüsusilə ətrafların travması diaqnozu ilə 22 nəfər profil üzrə xəstəxanalara təxliyə olunublar.
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejiminə keçib.
Relyefi çətin ərazilərdə xidmət göstərmək üçün sanitar avtomobillər ("Mitsubishi Pajero", "UAZ", "Mercedes Vito", "Volkswagen" markalı) hazır vəziyyətə gətirilərək xəttə buraxılıb.
Eyni zamanda digər sanitar avtomobillərin də texniki vəziyyəti çətin hava şəraitində xidmət göstərmək üçün uyğunlaşdırılıb.
Gecə saatlarından Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və müvafiq idarələr xüsusi gücləndirilmiş iş rejimində fəaliyyət göstəriblər.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, güclü qar yağmamasına baxmayaraq, xidmət əməkdaşları səhər saatlarına qədər küçələrdə, prospektlərdə və piyada səkilərində, həmçinin avtobus dayanacaqlarının və metro stansiyalarının qarşısında qardan təmizləmə işləri aparıblar. Mərkəzdən əlavə, şəhərətrafı qəsəbələrdə və yaşayış massivlərində təmizlik işləri aparıldığı bildirilir.
Forum