Türkiyə bu ay İsrailin xeyrinə casusluqda ittiham olunan onlarla adamı həbs edib. Geniş şəkildə işıqlandırılan bur həbslər İsrailin 7 oktyabr hücumunda iştirak edən hər kəsi hədəf alacağına dair xəbərdarlığından sonra Türkiyədə fələstinliləri hədəf almaqdan vaz keçməsi üçün İsrailə xəbərdarlıq kimi qiymətləndirilir. Dorian Cons İstanbuldan xəbər verir.
Türkiyə səlahiyyətliləri yanvar ayının əvvəlində İsrailin Mossad kəşfiyyat xidməti tərəfindən idarə olunan casus dəstələrinə qarşı irimiqyaslı əməliyyat keçirərək onlarla evdə reyd keçirib. Reydlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyədə fələstinli militant qrup HƏMAS-ın üzvlərini ələ keçirməyə cəhd etdiyi təqdirdə İsrailin “ciddi nəticələrlə” üzləşəcəyi barədə xəbərdarlıq etməsindən sonraya təsadüf edib.
“İsraillilərin hədələrindən çox aydın görünür ki, Türkiyə HƏMAS-a hücumlar üçün məkan kimi seçilib. Belə olan halda Türkiyə kəşfiyyatı elə ilk mərhələdə və prezidentin sözlərinə görə, Ankarada İsrail kəşfiyyatına xəbərdarlıq etdi ki, heç bir hərəkət olmamalıdır. Amma bu xəbərdarlıqdan dərhal sonra siyasi bir xəbərdarlıq oldu; Kəşfiyyat təşkilatı Mossad-ın Türkiyədə aktivləşdirilmiş hüceyrələrini müəyyən etdi,” Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondundan Murat Aslan deyir.
İsrail həbslərlə bağlı şərh verməyib, ancaq İsrail ordusunun liderləri və nazirlər HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunda əli olanları harada yaşamalarından asılı olmayaraq tapmağa söz veriblər.
Ərdoğan HƏMAS-ın böyük tərəfdarıdır və onu tez-tez azadlıq hərəkatı kimi xarakterizə edir. Analitiklər deyir ki, Türkiyə İsrailin 7 oktyabr hücumlarında rolu olan hər kəsi tapması üçün mümkün bir yer olaraq görülür.
“7 oktyabr qırğınına, onun necə baş verdiyinə və nə qədər yaxşı planlaşdırıldığına baxada açıq-aydın görünür ki, kənardan da çoxlu yardımlar var idi və Qəzzaya xaricdən çoxlu şeylər gəlirdi. Ayındır ki, bunların bir hissəsi Türkiyə vasitəsilə gəldi; Türkiyə hökuməti tərəfindən deyil, baş verənlərə kifayət qədər diqqət yetirməyən Türkiyə hökuməti və ya Türkiyə təhlükəsizlik orqanlarının tərəfindən,” Milli Təhlükəsizlik Araşdırmaları İnstitutundan Qallia Lindenstrauss deyir.
Bu ilk dəfə deyil ki, Türkiyənin kəşfiyyat agentliyi MİT İsrailin Mossadı ilə toqquşur.
Ancaq iki nəhəng kəşfiyyat xidməti həmçinin bu yaxınlarda İranın israillilərə qarşı planının qarşısını almaqda əməkdaşlıq edib.
“Biz, şübhəsiz ki, Mossad və MİT arasında yaxşı əməkdaşlıq gördük. Və 2022-ci ildə Türkiyə ərazisində israillilərə qarşı gözlənilən hücumun qarşısı alındı. Yəni bu təşkilatların əməkdaşlıq etdiyi də məlumdur. Düşünürəm ki, onların bir-birinə böyük hörməti var,” Qallia Lindenstrauss bildirir.
Dekabrda Türkiyə rəsmiləri sinaqoqlara hücumlar planlaşdırmaqda ittiham olunan İslam Dövləti qrupu üzvlərini həbs edib.
Qəzzada müharibə davam etdiyi bir vaxtda ekspertlər deyir ki, Ankara münaqişənin Türkiyəyə gəlməsinin qarşısını almaqda qərarlıdır.
“Türkiyə kəşfiyyat təşkilatları üçün oyun meydançası olmaq istəmir. Ona görə də hesab edirəm ki, Türkiyə kəşfiyyatı kimin hansı fəaliyyətlə məşğul olduğunu dəqiq müəyyən etmək üçün fəaliyyəti artırıb," Murat Aslan bildirib.
Türkiyədə keçmişdə terror hücumları və sui-qəsdlər baş verib ki, bu da turizmə və daha geniş iqtisadiyyata ağır zərbə vurub. Müşahidəçilər deyir ki, Ankara Yaxın Şərq müharibəsinin Türkiyə küçələrinə yayılmamasında qərarlıdır.
Forum