Accessibility links

Lyuk Koffi: Yaxın Şərqdə münaqişənin artıq genişləndiyinin şahidi oluruq


Lyuk Koffi: Yaxın Şərqdə münaqişənin artıq genişləndiyini görürük
please wait

No media source currently available

0:00 0:08:11 0:00

Vaşinqtonda Hadson İnstitutunun baş elmi işçisi Lyuk Koffi Amerikanın Səsinə müsahibədə Yaxın Şərqdə İsrail və HƏMAS arasında müharibədə eskalasiya riskləri, konfliktin genişlənməsinin qarşısını almağın mümkün yolları və Yaxın Şərqdə münaqişənin Azərbaycan üçün potensial nəticələri və Azərbaycanın İsrail və İranla münasibətlərinə mümkün təsirləri haqda danışıb.

Amerikanın Səsi: ABŞ Dövlət katibi Antoni Blinken Livanda HƏMAS-ın yüksək səviyyəli liderinin öldürülməsindən sonra regionda eskalasiyanın artması ilə bağlı narahatlıqların güclənməsi fonunda Yaxın Şərqə növbəti dəfə səfər edir. Səfər həmçinin Fələstinli mülki sakinlər arasında çox sayda itkilərlə bağlı beynəlxalq ictimaiyyət tərəfindən İsrailə təzyiqlərin artdığı bir vaxt edilir. Yaxın Şərqdə daha genişmiqyaslı münaqişənin potensial nəticələri nədən ibarətdir?

Lyuk Koffi: Mən hesab edirəm ki, biz artıq daha geniş münaqişənin şahidi oluruq. Çox gərgin bir qarşıdurmanın şahidi olduğumuzu düşünmürəm, amma münaqişənin genişləndiyini görürük. Təkcə HƏMAS liderinin Livanda öldürülməsi deyil, həm də İranın dəstəklədiyi şiə qüvvələr tərəfindən İraq və Suriyada ABŞ qüvvələrinə qarşı təxminən otuzdan çox hücum həyata keçirilib. Husi üsyançılarının Qırmızı dənizdə həm mülki, həm də hərbi gəmilərə davamlı hücumlarını görürük. Beləliklə, mən inanıram ki, biz artıq Yaxın Şərqdə münaqişənin genişləndiyini görürük.

Amerikanın Səsi: ABŞ və müttəfiqləri Husi qüvvələri tərəfindən Qırmızı dənizdə davam edən hücumlarla bağlı birgə bəyanat açıqlayıblar. İsrail və HƏMAS arasında münaqişə başlayandan bəri İranın dəstəklədiyi qruplar Yaxın Şərqdə ABŞ hərbi qüvvələrinə hücum edir. Əgər vəziyyət pisləşməyə davam edərsə və ABŞ daha çox müdaxilə etməli olarsa, bunun hansı nəticələri ola bilər?

Lyuk Koffi: Birləşmiş Ştatlar cavab zərbəsi endirib, müəyyən səviyyədə çəkindirmə qabiliyyətini bərpa edənə qədər biz Yaxın Şərqdə vəziyyətin daha da pisləşəcəyini görəcəyik. İran hazırda nəzarətdən kənar hərəkət edə biləcəyini düşünür. Husilər beynəlxalq gəmiçiliyə hücumlarını azaltmaq istəmədiklərini nümayiş etdirirlər. Unutmayaq ki, söhbət husilərin atdığı qanadlı raketlərin hücumuna məruz qalan mülki gəmilərdən, neft tankerlərindən və konteyner gəmilərindən gedir. Birləşmiş Ştatlar və beynəlxalq ictimaiyyət gəmilərə hücum etmək üçün Husilərin istifadə etdiyi bəzi obyektlərə cavab zərbəsi endirənə qədər, Birləşmiş Ştatlar İraqda ABŞ qüvvələrinə hücum edən İranın dəstəklədiyi bəzi qruplara cavab verənə qədər onlar [hücumları] davam etdirəcək və onların ölçüsü, intensivliyi və tezliyi artacaq.

Amerikanın Səsi: İsrail və HƏMAS arasında davam edən münaqişə regionda insanların iztirablarına səbəb olub və böyük iqtisadi zərərlə nəticələnib. Münaqişənin daha da genişlənməsinin qarşısını almağın mümkün yolları hansılardır?

Lyuk Koffi: HƏMAS üçün ən təcili addım bütün girovları azad etməsi və sonra Qəzzaya nəzarətdən əl çəkməsi və Qəzzadakı gələcək şərtlərin Fələstin xalqı və ərəb ictimaiyyəti tərəfindən müəyyən edilməsinə imkan verməsi olardı. Lakin hazırda girovların azad ediləcəyi ehtimalı az görünür. Ərəb cəmiyyətində hər halda açıq şəkildə Qəzzada HƏMAS-dan sonra bir siyasi nəticənin əldə edilməsi istəyi az görünür. Buna görə də təəssüf ki, biz münaqişənin davam etdiyini görəcəyik.

Amerikanın Səsi: Münaqişənin hansı potensial geosiyasi nəticələri ola bilər? Sizin fikrinizcə, konfliktin müddəti, intensivliyi və yayılması ilə bağlı mümkün ssenarilər hansılardır?

Lyuk Koffi: Hesab edirəm ki, münaqişə bundan əvvəl qeyd etdiyim səbəblərə görə artıq müəyyən dərəcədə genişlənib. Husilər ticarət gəmilərinə hücum edir. İranın dəstəklədiyi silahlı birləşmələr İraq və Suriyada ABŞ qüvvələrinə hücum edir. Bu gün gördük ki, İranda hücuma görə məsuliyyəti İslam Dövləti qrupu və ya DAEŞ öz üzərinə götürüb. Bu, Qasım Süleymaninin dörd il əvvəl ölümü münasibətilə anım mərasimi zamanı baş verib. Beləliklə, bunun artıq baş verdiyini görürük. Məni narahat edən İranın daha da fəallaşması, öz müvəkkilləri vasitəsilə İsrailə aktiv və açıq şəkildə zərbələr endirməsi, Amerikanın regiondakı hədəflərinə hücum etmək üçün addımlar atması və təbii ki, Hizbullahın münaqişəyə girməsidir. Əgər Hizbullah münaqişəyə şimaldan daxil olsa, bu, Yaxın Şərqdə dinamikanı tamamilə dəyişərək, regionda qeyri-sabitlik və döyüşlərin yeni mərhələsinə gətirib çıxaracaq.

Amerikanın Səsi: Növbəti sualım regional geosiyasətlə bağlıdır. Hazırda Avropada və Yaxın Şərqdə iki münaqişə davam edir. Rusiyanın Ukraynaya təcavüzü hələ də davam edir, eyni zamanda, İranın dəstəklədiyi qruplar Yaxın Şərqdə ABŞ qüvvələrinə hücum edir. Azərbaycan anti-Qərb mehvərini təmsil edən ölkələr sayılan Rusiya və İran arasında yerləşən yeganə ölkədir. Azərbaycan həmçinin İsraillə yaxın münasibətlərə malikdir. Bu geosiyasi amillər nəzərə alınsa, Ukrayna və Yaxın Şərqdə münaqişələrin Azərbaycan üçün potensial nəticələri nə ola bilər? Yaxın Şərqdə münaqişə Azərbaycanın İsrail və İranla münasibətlərinə necə təsir göstərə bilər?

Lyuk Koffi: Siz haqlısınız, Azərbaycan həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkə olmaqla dünyanın çox təhlükəli hissəsində yerləşir. Azərbaycan daim regional münasibətlərini qlobal istəkləri ilə balanslaşdırmağa çalışır. Azərbaycan İsrailə neft tədarükünü davam etdirir və Ukraynaya humanitar yardım göstərməkdə davam edir.

2023-cü il Azərbaycan üçün öz ərazilərini tamamilə azad edərək, ərazi bütövlüyünü bərpa etməklə çox uğurlu il oldu. Bilirsinizmi, ən azından Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının düzgün istiqamətdə getdiyi görünür. Mən uzun illər Azərbaycana səfərlərimdən bilirəm ki, siyasətçilər arasında həmişə İranla bağlı, İranın Cənubi Qafqazda və Xəzər hövzəsində nə etdiyi, hansı işləri gördüyü ilə bağlı narahatlıq var. Şübhəsiz ki, İran ərəb dünyasında fəaliyyətini genişləndirdikcə Bakıda çoxları İranın Cənubi Qafqazda və Xəzər hövzəsində nə edə bilib-bilməyəcəyinə diqqət edəcək.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Forum

XS
SM
MD
LG