İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindən olan 44 millət vəkili birgə məktubla İran prezidenti İbrahim Rəisiyə müraciət edərək Urmiyə gölünü canlandırmaq yönündə dərhal əməli adımların atılmasını tələb ediblər.
Yarı-rəsmi “Fars” agentliyinin surətini yaydığı məktubda “İran körfəzindən suyun nəqli Urmiyə gölünü bərpa etmənin strateji və əsas çözüm yolu” olduğu vurğulanıb.
Ölkənin Şimal-qərb Millət Vəkilləri Birliyi tərəfindən və “İran körfəzindən Urmiyə gölünə su nəqli xəttinin çəkilməsi və digər layihələrin tamamlanmasının zərurəti” başlığı altında yazılan müraciətdə 44 millət vəkilinin adı və imzası görünür.
“Biz ölkənin şimal-qərb vilayətlərinin millət vəkilləri, təhlükənin gəldiyini açıqca bildiririk. Bu vəziyyət davam edərsə gələcək il quru bir göllə qarşılaşacağıq. Bu üzdən, əmr buyurmalısınız ki, böhran şəraitinə uyğun idarəetmə mexanizmi ilə strateji addımlar atılsın,” məktubda qeyd edilib.
Millət vəkillərinin müraciətdə daha əvvəl İranın mərkəz bölgələrində həyata keçirilən layihələrə işarə edilərək İran körfəzindən su nəqlinin uyğun bir çözüm yolu oldğu vurğulanıb.
“Bugün ən pis şəraitdə olan Urmiyə gölünü qurtarmağın ən əsas yolu mövcud su mənbələrin idarəetməsi və yeni mənbələr üzərində çalışmaqdır. Bu istiqamətdə İran körfəzindən su nəqli əsas və strateji bir çözüm yoludur və bu, 700 km su nəqli xəttinin çəkilməsi ilə təmin edilə bilər. Urmiyə gölü böhranı milli bir məsələdir və onun quruması təhlükəsi duz fırtınaları ilə birlikdə ölkə əhalisinin yarısından çoxunu təhdid edir. Oman və İran körfəzlərindən bəzi vilayətlərə 1000 km-dən daha uzun su nəqli xəttinin çəkilməsi üçün həyata keçirilən meqalayihələrə baxılarsa, milli bir məsələ olan Urmiyə gölü üçün 700 km xəttin çəkilməsi zəruri və vacibdir,” deyə vəkillərin müraciətinə yazılıb.
İran Azərbaycanının bir çox bölgəsində əhali illərdir ki, Urmiyə gölündən gələn toz dumanlarından əziyyət çəkir. Ekspertlər gölün sahəsi kiçildikcə duz fırtınası təhlükəsinin artacağını bildirirlər. Prezident Ruhani dönəmində fəaliyyət göstərən Urmiyə Gölünü Canlandırma Mərkəzinin katibi İsa Kəlantəri bir neçə il öncə Aral gölünün quruması ilə meydana gələn dəri və tənəffüs xəstəlikləri, habelə bəzi digər ölümcül xəstəliklərin Urmiyə gölü ətrafında da müşahidə edildiyini bildirmişdi.
Forum