Hazırda Tbilisidə, Gürcüstan İctimai Əlaqələr İnstitutunda (GIPA) təhsil alan azərbaycanlı jurnalist Elməddin Şamilzadə təhlükədə olduğunu deyir. Jurnalist bu barədə "Facebook" səhifəsində paylaşıb.
Şamilzadənin sözlərinə görə, dekabrın 15-də axşam saatlarında dostlarıyla Tbilisidəki məkanlardan birində əylənərkən tanımadığı 3 nəfər onu təqib edib:
"Onlar bizim masaya baxırdılar. Çölə siqaret üçün çıxanda dostlara xəbərdarlıq etdim ki, problem yaratsalar, mənə deyin. Çox keçmədi ki, onlardan biri çölə çıxıb “səni tanıyıram” bəhanəsi ilə məni kənara çəkməyə başladı. Uzun-uzadı mənasız söhbətlər etdikdən sonra məni daha da uzağa çəkməyə çalışdı. Bıçaq çıxardığını gördüm. Digər 2-i də orada gözləyirdilər. Mən ona gəlməyəcəyimi deyib dostarın yanına qayıdandan sonra üçü də bizə sarı gəldilər. Guya mən onlara lənkəranlı olduğumu demişəm, əslində, azərbaycanlı olduğumu deməliyəmmiş kimi mənasız söhbətlər etməyə başladılar. Digər dostlar müdaxilə edəndə söhbətin istiqamətini dəyişməyə başladılar".
Jurnalist deyir ki, həmin adamlar guya maşınlarının benzinin qurtardığını deyiblər və pula ehtiyacları olduğunu bildirərək onlardan pul istəyiblər:
"20 lari verəndə məni yenə də uzaqlaşdırmağa çalışdılar, amma dostların müdaxiləsindən bir anda gözdən itdilər".
Şamilzadə həmin adamların onunla bərabər başqa bir dostunu da təhdid etdiyini vurğulayıb:
"Onu döyməklərini eşidəndə söhbətin ciddiyyətinin fərqinə vardım. Onları göndərənə deyirəm ki, niyyətiniz məni öldürməkdirsə, daha az ağrılı üsullar seçin. Bıçaqdan-zaddan zəhləm gedir, adam gec ölür. Tapança daha məqsədə müvafiqdir", deyə jurnalist qeyd edib.
Jurnalist ilk dəfə təqib olunmadığını da deyir:
"Daha əvvəl də məkanların birində 1 saat susaraq yan masada bizi dinləyənlərin söhbətimiz bitəndə: "Bura maraqsızlaşdı", – deyib getmək qərarı verdikləri anda azərbaycanlı olduqlarını anlamışdım. Çöldə bir xeyli bizi gözləyəndən sonra çıxmayacağımızı görüb getdilər".
Jurnalist məsələ ilə bağlı Gürcüstan hüquq-mühafizə orqanlarına müraciət edib.
"Görüntüləri əldə etdim və polisə müraciət etdim. Yanaşma laqeyd idi, amma qeydə aldılar, risk altında olmağıma dair protokol imzaladım".
Forum