Bazar ertəsi Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündə Almaniya, İtaliya və Fransa Aİ-ni HƏMAS-a qarşı xüsusi sanksiya sxemi hazırlamağa çağırıb.
İclas davam edən Yaxın Şərq böhranına cavab olaraq gələcək addımları nəzərdən keçirmək üçün çağırılıb. İclasda müzakirə olunan mümkün tədbirlər arasında HƏMAS-a maliyyə məhdudiyyətləri və İordan çayının qərb sahilindəki zorakılıqlara görə məsul olan israilli köçkünlərə səyahət qadağası daxildir.
Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Cosep Borrellə göndərdikləri məktubda blokun üç ən böyük ölkəsinin xarici işlər nazirləri Aİ-nin “HƏMAS terror qruplaşması və onun dəstəkçilərinə qarşı bütün lazımi tədbirləri görməsinin” vacibliyini bəyan ediblər.
“Bu, həm HƏMAS-ın infrastrukturu və maliyyə dəstəyi ilə mübarizə, həm də HƏMAS-ın təcrid edilməsi və qeyri-qanuniləşdirilməsi üzrə Avropanın daha güclü öhdəliyini nəzərdə tutur. Təşkilat heç bir şəkildə fələstinliləri və onların qanuni istəklərini təmsil etmir” - deyə, Reuters-in əldə etdiyi sənəddə bildirilir.
HƏMAS artıq Aİ tərəfindən terrorçu təşkilatlar siyahısına salınıb. Bu da o deməkdir ki, onun Aİ-də olan bütün vəsaitləri və aktivləri dondurulmalıdır.
Forum