Accessibility links

Təhlilçi: Məmur biznesinin aradan qaldırılması və gəlir bəyannaməsinin tətbiqi vergi şəffaflığına təkan verə bilər


Dövlət Vergi Xidmətində müzakirə (Mənbə: İqtisadiyyat Nazirliyi)
Dövlət Vergi Xidmətində müzakirə (Mənbə: İqtisadiyyat Nazirliyi)

Noyabrın 28-də Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Korrupsiya ilə mübarizə və şəffaflığın təmin edilməsi: Dövlət Vergi Xidməti tərəfindən görülən işlər” mövzusunda dəyirmi masa keçirilib.

Müzakirələrdə Dövlət Vergi Xidmətinin müvafiq struktur bölmələrinin rəhbər vəzifəli şəxsləri, müstəqil ekspertlər, ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edib.

Ekspertlər vergi sistemində korrupsiya hallarının aradan qaldırılması və şəffaflığın artırılması üçün məmur biznesinin aradan qaldırlmasını, məmurların gəlir bəyannaməsı verməsini vacib sayır.

İqtisadiyyat Nazirliyinin məlumatında deyilir ki, tədbir iştirakçıları dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılması istiqamətində həyata keçirilən tədbirlərə toxunaraq, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasının, görülən tədbirlərin davamlı xarakter daşımasının vacibliyini vurğulayıb.

Təhlilçi: Məmur biznesinin aradan qaldırılması və gəlir bəyannaməsinin tətbiqi vergi şəffaflığına təkan verə bilər
please wait

No media source currently available

0:00 0:08:02 0:00

İqtisadi məsələlər üzrə təhlilçi Rəşad Həsənov Amerikanın Səsinə deyib ki, vergi orqanlarında şəffaflığın təmin edilməsi kifayət qədər mürəkkəb məsələdir.

“Nəzərə almaq lazımdır ki, korrupsiya halları vakumda baş vermir. Bu kimi halların baş verməsi üçün müxtəlif faktorlar dominantlıq təşkil edir və prosesi dəstəkləyir. Uzun müddət Azərbaycanda idarəetmədə bu istiqamətdə mövcud olan nöqsanlar və xüsusilə idarəedicilərin korrupsiyaya meylliliyi neqativ ənənələrin formalaşmasına və müvafiq institutun korrupsiyalaşmasına gətirib çıxarıb. Bu da eyni zamanda qarşı tərəfdə müvafiq istiqamətdə davranışların institutlaşmasına meylliliyin güclənməsinə gətirib çıxarıb. Nəzərə almaq lazımdır ki, qarşı tərəf eyni zamanda sahibkardır. Sahibkar istənilən şəraitdə mücadilə etməyə çalışır. Bu baxımdan da müvafiq sahədə neqativ vərdişlər də formalaşıb”, o qeyd edib.

Təhlilçi hesab edir ki, son bir neçə ildə dövlət vergi xidmətinin işində xeyli təkmilləşdirici işlər görülüb.

“Xidmətlərin elektronlaşması, bu istiqamətdə birbaşa ünsiyyətin səviyyəsinin azaldılması, yoxlamaların məhdudlaşdırılması ilə bağlı sahibkarları müdafiə edən qanunun müddətinin davamlı olaraq artırılması məsələləri, eyni zamanda vergi xidmətinin daxilində kadr dəyişiklikləri, həmçinin fəaliyyətin təkmilləşdirilməsi, daxili nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər müvafiq qurumun fəaliyyətinin xeyli səviyyədə şəffaflaşmasına və korrupsiya risklərinin azalmasına gətirib çıxarıb”, o qeyd edib.

Həsənov bildirib ki, vergi xidməti çox böyük bir fəaliyyət sahəsini və çox böyük sosial qruplarla əməkdaşlığı əhatə edən, öhdəlik yaradan istiqamətdə fəaliyyət göstərir.

“Bu səbəbdən korrupsiya meylləri hər zaman ortaya çıxa bilər. Eyni zamanda sahibkarların da köhnə ənənələrlə fəaliyyət göstərməyə müəyəyn mənada hələ də meylli olması müşahidə olunur. Onlar hansısa rəsmi öhdəlikləri yerinə yetirməkdənsə daha alternativ, qeyri-qanuni yollarla bu kimi halların aradan qaldırılmasına yönəlirlər. Amma, korrupsiya eyni zamanda başqa formalarda da ortaya çıxa bilir. Bu formlardan biri də himayədarlıqdır”.

Təhlilçinin fikrincə, himayədarlıq aspektindən ortaya çıxan korrupsiyaya qarşı mübarizə baxımından əsas məsələ gəlir bəyannaməsi institutunun yaradılmasından keçir.

“Bu, bütövlükdə ölkə üçün mövcud olan problemlərdən biridir. Səsləndirilir ki, bu istiqamətdə işlər davam etdirilir və yaxın dövrlərdə ölkədə gəlir bəyannaməsinin tətbiq edilməsi mümkün olacaq. Biz də ümid edirik ki, bu baş tutacaq. Bu baş tutsa vətəndaşın gəlirləri ilə onun həyat tərzi, xərcləri arasında müqayisəinin aparılması imkanları ortaya çıxacaq”.

O hesab edir ki, vergi orqanlarının fəaliyyəti şəffaflığın dərinləşdirilməsi istiqamətində tədbirlərlə dəstəklənməlidir.

“Korrupsiyanın mahiyyətindən irəli gələrək burada prosesi dəstəkləyən və eyni zamanda qanunvericilik, hüquqi çərçivə, inzibatçılıq, vergi dərəcələri məsələləridir. Dünya təcrübəsi göstərir ki, hansı ölkələrdə daha yüksək vergi dərəcələri və daha mürəkkəb inzibatçılıq tətbiq olunursa, bu ölkələrdə korrupsiya riskləri artır. Bu aspektdən baxsaq Azərbaycanda vergi inzibatçılığının və qanunvericiliyin, vergi dərəcələrinin zaman-zaman zəif bəndlərinin üzə çıxarılmasının, müqayisəli şəkildə təhlillərin, vergi münasibətlərinin diaqnostikasının aparılması və problemlərin aradan qaldırlmasına ehtiyac var”.

Həsənov deyib ki, məmur biznesi ilə mübarizə də prosesə töhfə verə bilər.

“Bu bazar subyektləri arasında bir rəqabətdir. Eyni seqmentlərdə fəaliyyət göstərən sahibkarlar himayə olunursa və yaxud müvafiq vergi öhdəliklərindən yayına bilirsə, digərləri ilə müqayisədə bazarda üstünlük əldə etmiş olur. Bu onların hökmran rolunun gücləndirilməsinə, bazarda domiantlığının artırılmasına şərait yaradır. Belə bir şəraitdə əks tərəf də müvafiq formada davranmaq məcburiyyətində qalır. Ona görə də məmur biznesinin, himayə olunan biznesin aradan qaldırılması və bu institutun zəiflədilməsi də korrupsiya risklərini əhəmiyyətli səviyyədə zəiflədə bilər”, o qeyd edib.

Təhlilçi hesab edir ki, yalnız ardıcıl siyasət nəticəsində korrupsiyanın zəiflədilməsi və şəffaflığın artırılmasına nail olmaq olar.

“Bu isə səmimi mövqenin ortaya qoyulmasından qaynaqlanır. Digər bir məqam isə Azərbaycan vətəndaşı islahat meyylərinə daha tolerant yanşır. Səmimi mövqe ortaya qoyularsa orta və uzunmüddətli dövrdə adekvat reaksiyanın əldə edilməsi mümkündür”, iqtisadçı belə düşünür.

Forum

XS
SM
MD
LG