Accessibility links

Vətəndaş cəmiyyəti nümayəndələri "Abzas Media" ilə bağlı bəyanat yayıb


Ülvi Həsənli və Sevinc Vaqifqızı
Ülvi Həsənli və Sevinc Vaqifqızı

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ölkədəki media azadlığı və insan hüquqlarının pozuntuları ilə bağlı bəyanat verib.

Bəyanatda ölkədə siyasi həbslərin və repressiyaların yeni dalğasının başladığı bildirilir.

“Hazırkı repressiyasının spesifik hədəfləri “AbzasMedianın” direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və direktor müavini, ictimai fəal Məhəmməd Kekalov olmaqla, ümumilikdə “AbzasMedia” qurumudur. Onların həbsi ilə müşayiət olunan proses fundamental ifadə azadlığının kobud pozuntusu və ölkədə müstəqil mediaya qarşı repressiyanın tərkib hissəsidir”, - bəyanatda vurğulanıb.

Həmçinin bəyanatda qeyd olunub ki, sözügedən həbslərə dair faktlar, o cümlədən ofisdə baxış keçirilərək xarici valyuta aşkar edilməsi hüququn aliliyinə və konstitusional prinsiplərə bağlılığa dair ciddi suallar doğurur:

"Ötən günlərdə edilən bu hərəkətlər müstəqil medianı hədəfə alan və Azərbaycanda ifadə azadlığının təməl prinsiplərini sarsıdan siyasi motivli təqib kampaniyasının tərkib hissəsidir. Biz qətiyyətlə bildiririk ki, Azərbaycan hökuməti tərəfindən yürüdülən təqib kampaniyası mövcud konstitusion hüquqi çərçivə və Azərbaycan Respublikasının insan hüquqlarına dair beynəlxalq hüquqi öhdəlikləri ilə bariz surətdə ziddiyyət təşkil edir”.

Bəyanat müəllifləri Azərbaycan hökumətinə çağırış edib. Onlar insan hüquqlarına qoyulan siyasi motivli məhdudiyyətlərin aradan qaldırılmasını, o cümlədən, cinayət işlərinə xitam verilməsini tələb edirlər.

“Ülvi Həsənlinin, Sevinc Vaqifqızının, eləcə də Məhəmməd Kekalov dərhal azad edilməlidir. Həmçinin beynəlxalq tərəfdaşlar, o cümlədən BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq publik təşkilatlar ölkədə pisləşən insan hüquqlarının vəziyyətinə dair qəti addımlar atmalıdır”, - bəyanatda vurğulanıb.

Forum

XS
SM
MD
LG