Şərqi Azərbaycan vilayətinin Binab şəhərində yaşayan güneyli milli fəallardan biri Babək Rəhməti sentyabrın 25-də zaminə buraxıldığı bildirilib.
İran Azərbaycanı ilə bağlı xəbər yayımlayam AZOH Telegram kanalı və HRA xəbər agentliyinin yaydığı məlumata görə, sentyabrın 16-da təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Rəhməti təxminən on günlük nəzarət altında qaldıqdan sonra məhkəmə prosesinin sonuna qədər 300 milyon tümən girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılıb.
Onun Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında sorğu-suala çəkildiyi bildirilir.
Yayımlanan xəbərdə bildirilir ki, təhlükəsizlik qüvvələri onun elektron avadanlıqları, o cümlədən mobil telefonu və notbuku müsadirə olunduğu üçün dostlarına azadlığı barədə məlumat verə bilməyib.
Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydıqları xəbərə görə, bu milli fəalın müsadirə olunan əşyaları İslam Respublikasının təhlükəsizlik qurumları tərəfindən ona hələ də təhvil verilməyib.
Babək Rəhmətinin həbsi Təbriz şəhərində çox sayda milli fəalın həbsi ilə eyni vaxtda baş verib.
Azərbaycanlı fəala qarşı irəli sürülən ittihamlarla bağlı heç bir məlumat yoxdur.
Forum