Accessibility links

Afiəddin Məmmədov barəsində həbs qətimkan tədbiri 2 ay da uzadıldı


İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov

Noyabrın 15-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay da uzadılıb. Bu barədə Amerikanın Səsinə vəkil Zibeydə Sadıqova məlumat verib.

Vəkilin sözlərinə görə Xətai Rayon Məhkəməsində keçirilən prosesdə müstəntiq istintaq hərəkətlərini yekunlaşdıra bilmədiklərini bildirib:

"Dedi ki, ekspertiza rəyi gəlməlidir, zərərçəkmiş şəxslə Afiəddin arasında üzləşdirmə olmalıdır və buna görə də həbs qətimkan tədbirinin uzadılmasını tələb elədi. Biz də buna etiraz etdik, dedik harada yazılıb ki, üzləşmə və ekspertiza rəyini gözləyirsiniz deyə həbs müddəti uzadılmalıdır? Normal arqumentlər səsləndirməli idi, məsələn, "Afiəddin qaçıb gizlənə bilər, istintaqa mane ola bilər, sübutları məhv edə bilər, yaxud yeni cinayət törədə bilər". Lakin müstəntiq bunların heç birini səsləndirmədi".

Zibeydə Sadıqova bildirib ki, Afiəddin Məmmədov özü də məhkəmədə çıxış edib və işçi hüquqlarını müdafiə etdiyinə görə həbs olunduğunu deyib.

"Dedi ittiham tamamilə saxtadır, o heç kimi bıçaqlamayıb. Ümumiyyətlə, əlini qandallayandan sonra bıçağı onun əlinə veriblər, barmaq izlərini də onda götürüblər. Əksinə, zərərçəkmiş kimi adlanan şəxs onun burnunu sındırıb və indi buna görə əziyyət çəkir. Hətta Bakı İstintaq Təcridxanasındakı həkim deyib ki, "sən ancaq əməliyyatla düzələ bilərsən, burnun müalicəlik deyil". Çəpər əyriliyi onun nəfəs almasına mane olur, gecələr yata bilmir, başında ağrılar olur. Məhkəmə bizim arqumentləri nəzərə almadı və Afiəddin Məmmədov barəsində həbs qətimkan tədbirini 2 ay da uzatdı", deyə vəkil qeyd edib.

Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.

Afiəddin Məmmədov sentyabrın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Fəal barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Təşkilatın digər üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov narkotik ittihamı ilə həbs olunublar və hər ikisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Fəalların üçü də özlərini təqsirli bilmir və həbslərini siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.

Hüquq müdafiəçiləri fəalların həbsini siyasi motivli hesab edir.

Hökümət nümayəndələri isə Azərbaycanda siyasi motivli həbslərin olmadığını bildirir.

Forum

XS
SM
MD
LG