Accessibility links

Bakı Apellyasiya Məhkəməsi dia.az saytının fəaliyyətini dayandırıb


Bakı Apellyasiya Məhkəməsi
Bakı Apellyasiya Məhkəməsi

Noyabrın 14-də Bakı Apellyasiya Məhkəməsi dia.az saytının fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib.

Bu barədə saytın rəhbəri Məhəmməd Ərsoy (Zamanov) bildirib.

Noyabrın 3-də sayt sahibinin Media Reyestrində qeydiyyatdan keçmək üçün qanunla müəyyən edilmiş 6 ay müddətində müraciət etmədiyi üçün Medianın İnkişafı Agentliyi saytın fəaliyyətinin dayandırılması ilə bağlı iddia qaldırıb.

Bakı Apellyasiya Məhkəməsi noyabrın 14-də keçirilən ilk iclasdına iddianı təmin edib. Ərsoyun sözlərinə görə, o, səhhətində yaranan problemlərə görə iclasın 10 gün təxirə salınmasını istəyib.

“Lakin dünən mənim iştirakım olmadan məhkəmə prosesi keçirilib və bu qərar qəbul edilib”, o bildirib və Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini qeyd edib.

Ərsoy qeyd edib ki, sayt fəaliyyətini davam etdirəcək.

“Mən artıq demişəm ki, mən jurnalist deyiləm. Mən blogerəm və dia.az sayt deyil, bloqdur. Fəaliyyətimizi dayandırmayacağıq”, o bildirib.

Media hüququ sahəsi üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə bildirib ki, "Media haqqında" qanun bloqçuluq fəaliyyətini tənzimləmir.

"Lakin məhkəmənin qərarı qanuni qüvvəyə minərsə, az domenində saytın fəaliyyəti dayandırıla bilər. Bu halda bloger Azərbaycandan kənarda domenlərdə qeydiyyatdan keçə bilər", ekspert qeyd edib .

Digər ekspert Xalid Ağəliyev isə məhkəmənin qərarının tələsik olmasına diqqət çəkib. Belə ki, bəzi saytlar bir ilə yaxındır ki, Media Reestrinə daxil edilməsindən imtina ilə bağlı şikayətlər üzrə məhkəmə qərarlarına nail ola bilmir.

“Təəssüf doğuran haldır ki, məhkəmə praktikasında mediaya qarşı ən sərt tədbirlər 5-10 dəqiqə davam edən formal iclaslar vasitəsilə tətbiq olunur. Hansı KİV növü olursa olsun, onları belə asanlıqla bağlamaq olmaz. Bu, ifadə və media azadlığının açıq şəkildə pozulması deməkdir”, - ekspert Amerikanın Səsinə bildirib.

Bir müddət əvvəl Medianın İnkişafı Agentliyinin kommunikasiyalar şöbəsinin müdiri Səidə Səfiyeva bildirib ki, Agentlik media subyektlərinə qarşı bu strukturun nizamnaməsində nəzərdə tutulmuş tədbirlər görür.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov fevralın 6-da bildirib ki, jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilərlər. Lakin müstəqil media nümayəndələri qanun dəyişmədikcə, bu tələbin problemə çevriləcəyini deyirlər və qanuna dəyişiklik edilməsini tələb edirlər.

Ötən il fevralın 10-da Prezident İlham Əliyev 21 dekabr 2021-ci ildə qəbul edilmiş "Media haqqında qanunun tətbiqi haqqında" fərman imzalayıb.

2022-ci ilin sentyabrın 26-da isə Media Reyestrinin aparılması qaydalarının təsdiq edilməsi bir sıra müstəqil media qurumlarının, jurnalistlərin, redaktorların etirazına səbəb olub. Onlar hesab edir ki, "Media haqqında" qanunun müddəalarından olan reyestrin qəbulu ölkədə söz azadlığının boğulmasına gətirib çıxaracaq.

Öz növbəsində, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə deyib ki, Media Reyestri bütün başqa sahələrdə mövcud olan hüquqi platformanın və məlumat bazasının təşkili hadisəsidir.

Qanuna görə media subyektləri və jurnalistlər 6 ay ərzində Media Reyestrinə müraciət etməli idilər.

Bundan başqa, "Media haqqında" Qanuna Venesiya Komissiyası mənfi rəy verib. Komissiyanın rəyində qeyd olunub ki, qanun mürtəcedir və Avropa Şurasının üzvü olan bir ölkədə belə bir qanun qəbul oluna bilməz.

Qanunun Azərbaycan Konstitusiyası və Avropa İnsan Hüquqları Konvensiyasına zidd olunduğunu əsas gətirən jurnalistlər və media rəhbərləri - Şəmşad Ağa, Ülvi Həsənli və Vüqar Qurdqanlı Konstitusiya Məhkəməsinə müraciət ediblər.

Onların müraciətində qeyd olunub ki, Konstitusiya Məhkəməsi qanunun Konstitusiya və Konvensiyaya uyğunluğunu mübahisələndirməlidir. Lakin üstündən bir neçə ay vaxt keçsə də, Konstitusiya Məhkəməsi hələ də işə baxmayıb.

Beynəlxalq təşkilatlar, Avropa Şurasının həmməruzəçiləri və Avropa Şurası Nazirlər Komitəsi də qanunun mürtəce olduğunu əsas gətirərək dəyişdirilməsini tələb ediblər.

Forum

XS
SM
MD
LG