Accessibility links

ABŞ Konqresinin komitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçiriləcək


Noyabrın 15-də Vaşinqtonda ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin Avropa üzrə Alt Komitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçiriləcək.

Bu barədə ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin saytında məlumat yayılıb.

Məlumata görə, Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi James O' Brien və USAID rəhbərinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Aleksandr Sokolovski, Avropa Alt Komitəsinin açıq dinləmələrində şahidlik edəcəklər.

ABŞ Dövlət Departmentinin sözçüsü Vedant Patel çərşənbə axşamı keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan arasında sülhün ABŞ üçün prioritet olaraq qaldığını qeyd edib.

2022-ci ildən etibarən ABŞ Vaşinqtonda iki ölkə arasında görüşlərin üç mərhələsini keçirib. Bununla yanaşı, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ötən ayın sonlarında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçilyi ilə görüşməli idi, lakin görüş bir ay ərzində iki dəfə ləğv edilib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan ordusu Qarabağ ermənilərinin yaşadığı ərazidə antiteror tədbiri keçirib. Əməliyyatın başlamasından 24 saat sonra separatçı qüvvələr təslim olub və Azərbaycan ordusu bölgəyə tam nəzarəti bərpa edib.

Azərbaycan rəsmilərinin Qarabağ ermənilərinin reinteqrasiyasını həyata keçirmək istədiyini bildirməsinə baxmayaraq, hərbi əməliyyatdan sonrakı günlər ərzində Qarabağda yaşayan təxminən 100,000 erməni bölgəni tərk edərək Ermənistana üz tutub. Hal-hazırda Qarabağda çox az sayda erməninin qaldığı bildirilir.

Ermənistan Azərbaycanı etnik təmizləmədə ittiham edir. Rəsmi Bakı isə bu ittihamları rədd edir və Azərbaycanda qalmaq istəyən hər bir Qarabağ ermənisinə bu imkanın tanındığını bildirir. Azərbaycan hökuməti ölkədə qalmaq qərarı verənlərin hüquqlarına hörmət ediləcəyini vəd edib.

Forum

XS
SM
MD
LG