Accessibility links

Stoltenberq NATO üzvlərini Ukraynada uzunmüddətli müharibəyə hazır olmağa çağırıb


NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın müttəfiqlərini Rusiyanın təcavüzünə qarşı müharibədə Kyivə lazım olan bütün lazımi hərbi dəstəyi verməyə davam etməyə çağırıb. O həmçinin uzun sürən döyüşə hazır olmaları barədə xəbərdarlıq edib.

Stoltenberq Berlində Almaniya kansleri Olaf Şolzla danışıqlardan sonra deyib ki, "Biz ukraynalılara bu gün döyüş meydanında güclü qalmaq üçün lazım olan silahları verməyə davam etməliyik ki, onlar sabah danışıqlar masası arxasında da güclü ola bilsinlər".

O həmçinin əlavə edib ki, "Bu yardımlar Ukraynaya öz azadlığını müdafiə etməyə və Avropanı təhlükəsiz saxlamağa kömək edir".

Lakin Stoltenberq Almaniyanın DPA xəbər agentliyinə verdiyi müsahibədə xəbərdarlıq edib ki, Ukrayna və müttəfiqlərinin məqsədlərinə çatması uzun müddət çəkə bilər.

"Biz uzun müddətə hazır olmalıyıq. Müharibələr öz təbiətinə görə gözlənilməzdir. Dəqiq bildiyimiz odur ki, danışıqlar masası arxasında baş verənlər döyüş meydanındakı vəziyyətlə ayrılmaz şəkildə bağlıdır" deyə o bildirib.

Müttəfiqlərin hərbi təchizatının köməyi ilə Ukrayna Rusiyanın səbəbsiz işğalının başlamasından bəri itirdiyi əraziləri geri qaytarmaq üçün yazda əks-hücum əməliyyatına başlayıb.

Lakin əks-hücum gözlənildiyindən daha ləng irəliləyir və Kyivin Qərb müttəfiqləri, xüsusən də Ukraynanın əsas hərbi və maliyyə yardımçısı olan ABŞ-da “müharibə yorğunluğu” ilə bağlı narahatlıqlara səbəb olur.

NATO rəhbəri DPA-ya deyib ki, Rusiyanın hazırlaşmaq üçün vaxtını nəzərə alsaq, döyüşün çox çətin olacağı əvvəldən bəlli idi: "Biz bilirdik ki, Rusiya - minalarla, tank səngərləri ilə, çoxlu müdafiə mövqeləri ilə - aylardır müdafiə xətləri hazırlayıb."

Ancaq onun sözlərinə görə, Ukrayna qoşunları döyüş meydanında üzləşdiyi çətinliklərə baxmayaraq, “daha çox ərazini azad edə biliblər”.

Bu arada Britaniya hökuməti noyabrın 10-da 30 min Ukrayna əsgərinin Britaniyada təlimləri vaxtından 7 həftə əvvəl başa vurduğunu elan edib ki, bu, “İkinci Dünya Müharibəsindən bəri Böyük Britaniyanın ən böyük hərbi təlimi”dir.

Kyivdə Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İhnat noyabrın 10-da bildirib ki, ukraynalı pilotlar üçün F-16 döyüş təyyarəsində təlimlər plana uyğun gedir və əlavə edib ki, bəzi pilotlar artıq “səmada təlimlər” keçirlər. Lakin o məsələ ilə bağlı əlavə məlumat verməyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG