Accessibility links

Fələstinlilər Qəzzanın şimalını tərk edir


İsrail ordusu çərşənbə günü bildirib ki, İsrail qüvvələri Qəzzada yaraqlı qruplaşmanı hədəf alan havadan və qurudan hücumlar həyata keçirərkən, HƏMAS-ın ən yaxşı silah istehsalçısı öldürülüb.

Ölkənin müdafiə nazirinin sözlərinə görə, İsrail qüvvələrinin Qəzza şəhərində fəaliyyət göstərməsi ilə daha çox mülki fələstinli Qəzzanın şimal hissəsindən anklavın cənub hissəsinə qaçır.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi çərşənbə axşamı günü 15 000 nəfərin qaçdığını təxmin edir ki, bu da bir gün əvvəl qaçanlardan üç dəfə çoxdur. Birləşmiş Millətlər Təşkilatı Qəzzanın cənubunda sığınacaqların “yeni gələnləri qəbul edə bilməyəcəyi” ilə bağlı xəbərdarlıq edib.

BMT-nin məlumatına görə, Qəzzanın 2,3 milyon sakininin təxminən üçdə ikisi didərgin düşüb və onlar sanitar şəraitin pisləşməsi, su və yanacaq çatışmazlığı ilə üzləşirlər.

Çərşənbə axşamı günü 81 yük maşını da daxil olmaqla, son iki həftə ərzində Misir vasitəsilə Qəzzaya yardım çatdırılıb.

BMT bildirir ki, münaqişə başlamazdan əvvəl hər gün Qəzzaya orta hesabla 500 yardım maşını gedirdi. İsrail HƏMAS yaraqlılarının oktyabrın 7-də İsrailin cənubunda əksəriyyəti mülki şəxslər olmaqla, 1400-dən çox insanın ölümünə səbəb olan hücumuna cavab olaraq hücuma başlayıb.

HƏMAS həmçinin 240-a yaxın adamı girov götürüb.

HƏMAS-ın Qəzzada idarə etdiyi səhiyyə nazirliyi bildirir ki, İsrailin hücumları nəticəsində üçdə ikisi qadın və uşaqlar olmaqla, 10 500-dən çox insan həlak olub. BMT bildirib ki, 600-ə yaxın əcnəbi və ikili vətəndaşlıqları olanlar çərşənbə axşamı Misir sərhəd keçid məntəqəsindən keçərək Qəzzanı tərk edib.

Filippin prezidenti Ferdinand Markos çərşənbə günü videoda 40 filippinlinin Misirə keçdiyini və evlərinə yollandığını deyib.

Ukrayna prezidenti Vladimir Zelenski də çərşənbə günü Qəzzanı tərk edən ukraynalıların ilk dəstəsinin Misirdə təhlükəsiz olduğunu bildirib. Onun sözlərinə görə, Ukraynanın qonşusu Moldovadan olan 36 vətəndaşla birlikdə 43 ukraynalı Qəzzanı tərk edə bilib.

Yeddilik qrupunun aparıcı sənaye ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayaraq, İsrailin özünümüdafiə hüququnu dəstəkləyib və humanitar yardımın Qəzzadakı Fələstin mülki əhalisinə çatmasına imkan yaratmaq üçün döyüşlərdə humanitar fasilələrə çağırıb.

ABŞ Dövlət Katibi Antoni Blinken deyib ki, münaqişədə dərhal atəşkəsə çağıranların “məqbul olmayan nəticəni necə həll edəcəklərini izah etmək kimi bir öhdəliyi var: HƏMAS 200-dən çox girovu hələ də saxlayır və ktyabrın 7-ni təkrar-təkrar təkrarlamaq niyyətində olduğunu bildirir.

O, həmçinin ABŞ-ın bir sıra elementlər, o cümlədən fələstinlilərin Qəzzədən zorla köçürülməməsi, Qəzzanın hücum mənbəyi kimi istifadəsinə icazə verməməsi, münaqişədən sonra İsrailin Qəzzanı yenidən işğal etməməsi, Qəzzanı mühasirəyə almaq cəhdlərinin olmaması və İordan çayının qərb sahilindən heç bir terror təhdidinin gəlməməsini təmin etməyib regionda davamlı sülh və təhlükəsizliyin açarı olduğuna inandığını deyib.

Forum

XS
SM
MD
LG