Oktyabrın 24-də Baş Prokurorluğun önündə etiraz edən jurnalist Nurlan Qəhrəmanlı (Libre) saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb.
Jurnalist oktyabrın 21-də inzibati həbs müddəti bitdiyinə görə azadlığa buraxılıb. Nurlan Qəhrəmanlı bildirib ki, 1 aydır telefonu Baş Prokurorluq tərəfindən geri qaytarılmır və həbs olunarkən Baş Prokurorluqda döyülüb.
Baş Prokurorluğun önündə məruz qaldığı işgəncəyə etiraz edən jurnalist Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə görüş tələb edib.
"Mən Kamran Əliyevin özündən hesab soruşmağa gəlmişəm. Mən gəlməmişəm ki, ondan məni döyənlərin cəzalandırmasını xahiş edim, yoxdur elə dünya. İşgəncə verənlərin üzünə tüpürmək lazımdır. İşgəncə insanlıq cinayətidir".
Aidiyyəti qurumlar jurnalistin saxlanılması ilə bağlı açıqlama verməyib.
Jurnalist bir saat bölmədə saxlanılıb və izahatı alınandan sonra sərbəst buraxıldığını bildirib.
Sentyabrın 21-də Nurlan Qəhrəmanlıya 30 sutka inzibati həbs cəzası verilib. Jurnalistə qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə ittiham irəli sürülüb.
Sentyabrın 13-də isə jurnalist Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılıb. O bildirib ki, DTX-da paylaşımlarına görə zorlama ilə təhdid olunub.
DTX-dan iddia ilə bağlı cavab verilməyib.
Sentyabrın 20-də ictimai fəallar Nemət Abbasov, Əmrah Təhməzov və keçmiş diplomat Emin İbrahimovun da müharibə əleyhinə paylaşımlar etdiyinə görə həbs olunduğu bildirilib. Onların hər birinə 30 sutka inzibati həbs cəzası verilib.
Bundan əlavə, müharibəyə qarşı olan ictimai fəal Cavid Əhmədov da Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb, orada 4 saata yaxın dindirilib.
Forum