Accessibility links

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir


Novella Cəfəroğlu-Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri
Novella Cəfəroğlu-Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun günə başlayarkən ilk işi övladlarına zəng etməkdir. Onun iki nəvəsi hərbçi, oğlu isə həkim kimi İsraildəki müharibədə iştirak edir. Novella Cəfəroğlu deyir ki, müharibə ilə bağlı məlumatları böyük narahatlıqla izləyir, mümkün olduğu qədər hər gün ailəsindən xəbər almağa çalışır.

"Nəvələrim, onların həyat yoldaşları oradadır. Onlara Azərbaycana gəlin dedim. Cavab verdilər ki, sən bizim yanımıza gəlmədin, Azərbaycanda qaldın ki, bizim Qarabağ boyda dərdimiz var, onu çözməmiş gəlməyəcəm. Bura da bizim atamızın vətənidir. Şəhərləri bombardman edirlər. Bunlar o tərəfi, onlar bu tərəfi. Mən hesab edirəm ki, bu iki millətə qalsa, millətlər bir-birlərini qırmaq istəməzlər. Sadəcə olaraq, böyük dövlətlərin, havadarların hansısa məqsədi var. Buna görə də iki dövləti bir-birinə qırdırırlar. 30 ildir mən İsrailə gedib-gəlirəm. Məsələn, ortancıl oğlum universitetin professorudur. Onun fakültəsində ərəblərlə israillilər birlikdə oxuyurlar. Özlərini də çox gözəl hiss edirlər. Dövlət dili iki dildir, yəhudi və ərəb dilləri. O biri oğlum həkimdir. Onun çalışdığı xəstəxanada fərqli millətlərdən olanlar birlikdə işləyirlər. Qoyun, bu camaat bir-biri ilə normal yaşasın. Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir", hüquq müdafiəçisi bildirir.

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən millətlərarası münaqişədir
please wait

No media source currently available

0:00 0:05:01 0:00

Novella Cəfəroğlunun həyat yoldaşı İsrail universitetlərindən birində geologiya üzrə müəllim kimi çalışıb. 50 ilə yaxın İsrail vətəndaşı ilə evli olan Novella Cəfəroğlu fərqli dinlərdən olmalarının aralarında heç vaxt problem yaratmadığını deyir.

"Həyat yoldaşımla bizim dinlərimizdə çox yaxın oxşarlıq var idi. Onlarda da bizdəki kimi adətlər çox idi. Qohumlarım məni çox sevirdilər. Əvvəlcə münasibətimizi istəmədilər. Anamın əmisi oğlu onunla tanış olandan sonra valeh oldu. Anama zəng edib, dedi ki, bu oğlanı əldən qaçırmaq olmaz. Sonra əmilərim onunla tanış oldular. Bibim dedi ki, mənim evimə girmək üçün gərək qusul töksün. Yoldaşım deyirdi ki, hər şeyə razıyam, bircə səni mənə versinlər", o, deyir.

Cəfəroğlu artıq 30 ildən çoxdur Azərbaycanda hüquq müdafiəçisi kimi tanınır. O daim sülhün təşəbbüskarı kimi çıxış edib. Cəfəroğlu bü gün də İsraildə müharibə istəmir və teroru insanlara fəlakət gətirən bir amil kimi qiymətlənditir.

"Məsələn, bu gün hər kəs danışır ki, HƏMAS ilə İsrail arasında müsəlman-yəhudi savaşı gedir. Mən heç vaxt HƏMAS-ı müsəlman saymıram. "Allahu-əkbər" deyib, uşağı öldürmək, qızlara təcavüz etmək, qocaları öldürməyi mən müsəlmanlıq saymıram. Onlar terrorçulardır", Novella Cəfəroğlu əlavə edib.

HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan Azərbaycan əsilli şəxslərin sayı 8-ə çatıb.

HƏMAS militantlarının İsraildə azı 1200 nəfərin ölümünə səbəb olan hücumundan sonra İsrail cavab kampaniyasını davam etdirərək, Qəzza zolağında yollara və binalara hava zərbələri endirib.

Fələstin səhiyyə rəsmiləri bildirib ki, İsrailin HƏMAS-ın hücumunun başlamasından sonra hava zərbələrini həyata keçirməsindən bəri Qəzzada minlərlə insan ölüb, 10 000-dən çox insan yaralanıb.

Forum

XS
SM
MD
LG