Oktyabrın 23-də Qarabağ müharibəsi iştirakçısı Şahin Amanov saxlanılıb. Bu barədə məlumatı "Arqument.az" saytının baş redaktoru Şəmşad Ağa yayıb.
Onun sözlərinə görə, ötən gün bir polis əməkdaşı iki dəfə Şahin Amanovun qapısını döyüb, uşaqları ona zəng edib xəbər veriblər:
"Şahin evə gəlib və yolda polislə rastlaşıb. Soruşub ki, qapını niyə döyürsünüz? Deyib ki, qeydiyyat aparırıq və çıxıb gedib, daha sonra sağollaşıb ayrılıblar. Dedi ki, səmimi davrandı. Bu gün həmin Xosrov adlı polis zəng edib ki, 24-cü bölmənin rəisi sizinlə görüşmək istəyir. Şahin də deyib ki, evdə deyiləm, nə məsələdir? Deyib ki, sadəcə, söhbət etmək istəyir".
Şəmşad Ağa bildirib ki, bu gün Şahin Amanova bir neçə saat öncə isə yenidən zəng ediblər ki, bəs müavin görüşmək istəyir.
"Şahin də deyib ki, həyətdəyəm. Deyiblər, gözlə gəlib orada söhbətləşək. İndicə mənə yazdı ki, 24-cü polis bölməsi məni saxladı. Ondan sonra nə zəng çatdı, nə mesaj. Şahin son günlər yaşadığı binanın təmiri ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti ilə bağlı çəkişmədə idi. Su damdığı üçün binanın üstünü öz vəsaiti ilə təmir etdirmişdi. Bu problemə görə şəxsən icra başısı da onu dəvət edib görüşmüşdü. Demişdi ki, problemi həll edərik, deyəsən, başçı problemi belə həll edir", deyə Şəmşad Ağa qeyd edib.
Şahin Amanovun saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.
Forum