Misirin Rəfahdakı təhlükəsizlik orqanları və humanitar təşkilatlardakı mənbələrindən verilən məlumata görə, oktyabrın 22-də yük maşınlarının ikinci yardım karvanı Rəfah sərhəd keçid məntəqəsindən keçərək Qəzza zolağına doğru hərəkət edib.
Mənbələrin bildirdiyinə görə, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi UNRWA tərəfindən dərman və ərzaq daşıyan təxminən 19 yük maşını yoxlanılıb.
Həyat əhəmiyyətli ləvazimatları daşıyan 20 yük maşınından ibarət ilk karvan şənbə günü Qəzzaya daxil olub.
İsrail oktyabrın 7-də HƏMAS-ın İsrail ərazisinə hücumuna cavab olaraq Qəzzanı blokadaya alıb və oradakı hədəflərə aviazərbələr endirib.
BMT rəsmilərinin fikrincə, Qəzz sakinlərinin təcili ehtiyaclarını ödəmək üçün gündə ən azı 100 yük maşını qədər daha yüksək templə fasiləsiz daşımalar təmin olunmalıdır. Son münaqişədən əvvəl Qəzzaya hər gün bir neçə yüz yük maşını gəlirdi.
BMT-nin humanitar məsələlər üzrə rəhbəri Martin Qriffits şənbə günü Reuters agentliyinə bildirib ki, İsrailin yüklərin axınını təmin etməklə yanaşı, onlara nəzarət edə biləcəyi sadələşdirilmiş yoxlama sisteminin yaradılması üzərində iş gedir.
Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzzada yanacağın üç gün ərzində bitəcəyini açıqlayıb.
“Yanacaq olmadan su olmayacaq, xəstəxanalar və çörəkxanalar işləməyəcək. Yanacaq olmadan yardım çox ümidsiz vətəndaşlara çata bilməyəcək. Yanacaq olmadan humanitar yardım göstərilə bilməz,” agentliyin baş komissarı Filipe Lazzarini deyib.
Misirdən Qəzzaya ilk yardımın çatdırılmasına icazə verilsə də, bu yardıma yanacaq daxil deyildi.
Filipe Lazzarini “bütün tərəfləri və nüfuza sahibi olanları” yanacağın dərhal Qəzzaya daxil olmasına icazə verməyə və ondan yalnız humanitar məqsədlər üçün istifadə olunmasını təmin etməyə çağırıb.
Forum