Oktyabrın 20-də ictimai fəal Nemət Abbasov həbs müddəti başa çatdığı üçün azadlığa buraxılıb.
Neməti Abbasova sentyabrın 20-də İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 30 sutka inzibati həbs cəzası verilib.
İctimai fəal Amerikanın Səsinə bildirib ki, o, sosial şəbəkələrdəki fəaliyyətinə görə həbs olunub:
"Yazdığım tənqidi fikirlərlə, həmçinin sülh çağırışları ilə bağlı sorğu-sual elədilər. Həbs olunanda telefonumun şifrəsini istədilər, mən də vermədim, dedilər, özümüz açarıq".
Fəal bildirib ki, polisə müqavimət göstərməyib, ittiham əsassızdır və siyasi fəaliyyəti ilə bağlıdır.
Sentyabrın 20-də ictimai fəal Əmrah Təhməzov və keçmiş diplomat Emin İbrahimovun da müharibə əleyhinə paylaşımlar etdiyinə görə həbs olunduğu bildirilir. Onların hər birinə 30 sutka inzibati həbs cəzası verilib. Bundan əlavə, sentyabrın 21-də jurnalist Nurlan Qəhrəmanlıya (Libre) 30 sutka inzibati həbs cəzası verilib. Jurnalist zorakılıq gördüyünü bildirib.
Həmin ərəfədə müharibəyə qarşı olan ictimai fəal Cavid Əhmədov da Dövlət Təhlükəsizlik Xidmətinə çağırıldığını, orada 4 saata yaxın dindirildiyini deyib.
Aidiyyəti qurumlar iddialarla bağlı açıqlama verməyib.
Forum