Accessibility links

Netanyahu: İsrail HƏMAS-ın hücumuna cavaba “yenicə başlayır”


Baş nazir Benyamin Netanyahunun ölkəsinin qüvvələrinin HƏMAS yaraqlılarına qarşı mübarizəyə “yenicə başladığını” deməsindən saatlar sonra İsrail çərşənbə axşamı günü bildirib ki, ordusu gecə ərzində Qəzza zolağında yüzlərlə hədəfi vurub.

Hərbi qüvvələrin sözçüsü Riçard Hekt bildirib ki, şənbə günü hücumundan sonra İsrail ərazisində 1500 HƏMAS döyüşçüsünün cəsədi tapılıb və bazar ertəsindən bəri heç bir militant İsrail ərazisinə keçməyib.

Son hava hücumlarının hədəfləri Qəzza şəhərində bir çox HƏMAS nazirliklərinin və hökumət binalarının yerləşdiyi Rimal məhəlləsi olub.

“Yaxın günlərdə düşmənlərimizə edəcəklərimiz onlarla nəsillər boyu əks-səda doğuracaq”, Netanyahu bazar ertəsi axşam çıxışında deyib.

İsrail ordusu şənbə günü HƏMAS-ın Qəzza zolağı boyunca İsrail ərazilərinə qəfil hücumuna cavab olaraq "hücuma başlamazdan" əvvəl 300 000 ehtiyatda olan əsgəri səfərbər etdiyini bildirib.

HƏMAS ordusunun sözçüsü İsrailin xəbərdarlıq etmədən Qəzzadakı mülki insanları hədəf alsa, HƏMAS-ın saxladığı 150-yə yaxın mülki girovdan birinin öldürüləcəyi ilə hədələyib.

İsrailin müdafiə naziri Yoav Gallant verdiyi video açıqlamada İsrailin Qəzzanı tam mühasirəyə alacağını, Fələstin ərazisinin elektrik, qida, su və qaza çıxışını kəsəcəyini bildirib. Bu şərhlər Qəzzada yaşayan insanların kollektiv şəkildə cəzalandırılmasının beynəlxalq hüququ pozacağını bildirən insan haqları qruplarının həyəcanına səbəb olub.

BMT-nin Baş katibi Antonio Quterreş jurnalistlərə deyib ki, o, İsrailin qanuni təhlükəsizlik narahatlıqlarını tanısa da, hərbi əməliyyatlar humanitar hüquq çərçivəsində aparılmalıdır. Onun sözlərinə görə, mülki şəxslər qorunmalı və mülki infrastruktur hədəf alınmamalıdır.

Bazar ertəsi ölənlərin sayı İsraildə ən azı 900, Qəzzada isə 687 nəfərə yüksəlib və bu rəqəmin artacağı gözlənilir. Hər iki tərəfdən 6 minə yaxın insan yaralanıb.

ABŞ prezidenti Co Bayden ölənlər arasında 11 amerikalının olduğunu deyib.

İsraildə ölənlər arasında Argentina, Britaniya, Kamboca, Fransa, Nepal, Tailand və Ukraynadan olanlar da va. Bunu həmin ölkələrin rəsmiləri bildirib. Bəzi hökumətlər İsraildəki vətəndaşları üçün evakuasiya uçuşları həyata keçirməyə çalışır.

Cənubi Koreya Amerikanın Səsinin Koreya xidmətinə bildirib ki, çərşənbə günü səhər saatlarında Seula 300 vətəndaşı olan təyyarə reysi çatacaq.

Birləşmiş Millətlər Təşkilatı Qəzzada yaşayan 2,3 milyon insandan 187 mindən çoxunun məcburi köçkünə çevrildiyini bildirib.

Britaniya, Fransa, Almaniya, İtaliya və ABŞ liderləri birgə bəyanat yayaraq, “İsrail dövlətinə birgə dəstək və HƏMAS-ı və onun dəhşətli terror aktlarını birmənalı şəkildə pislədiklərini” ifadə ediblər.

“Hamımız Fələstin xalqının qanuni istəklərini tanıyırıq və israillilər və fələstinlilər üçün bərabər ədalət və azadlıq tədbirlərini dəstəkləyirik. Ancaq səhv etməyin: HƏMAS bu istəkləri təmsil etmir və Fələstin xalqı üçün daha çox terror və qan tökülməsindən başqa heç nə təklif etmir”, deyə bəyanatda bildirilir.

Netanyahunun keçmiş qərargah rəisi Ari Harv Amerikanın Səsinə deyib ki, İsrailin münaqişəyə girərkən seçimi yox idi. HƏMAS silahlıları yəhudi təqviminin ən müqəddəs günlərindən birində hücum ediblər.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsini işğal etməsi ilə HƏMAS-ın İsrailə hücumu arasında paralel aparıb.

Bazar ertəsi Kopenhagendə NATO Parlament Assambleyasına videomüraciət edən Zelenski deyib: “Eyni şər. Yeganə fərq İsrailə hücum edən terror təşkilatıdır, Ukraynaya isə hücum edən terror dövlətidir”.

Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunun baş elmi işçisi Qeyt al-Öməri Amerikanın Səsinə bildirib ki, Rusiya Ukraynaya beynəlxalq dəstəyi kəsmək üçün İsrail-HƏMAS münaqişəsindən istifadə etməyə çalışacaq.

Forum

XS
SM
MD
LG