Müşahidəçilərin Amerikanın Səsinə bildirdiyinə görə, İran Həmasın şənbə günü Qəzza zolağından İsrailə qarşı qəfil hücumlara başlamasından bir neçə həftə əvvəl və dərhal sonra Fələstin yaraqlıları ilə yaxın koordinasiyada olduğuna dair əlamətlər göstərib.
İranın dövlət tərəfindən təsdiqlənmiş Tasnim xəbər agentliyinin məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian sentyabrın 1-də Beyrutda Həmas və Qəzza zolağında yerləşən Fələstin İslami Cihad adlı kiçik silahlı qruplaşmanın liderləri ilə “genişlənmiş tərkibdə görüş” keçirib. “Hər iki tərəf Fələstinin İsrail işğalından azad edilməsinin vacibliyini vurğulayıb”, deyə məlumatda bildirilir.
İran Qəzzadakı Fələstin yaraqlılarına hərbi və maliyyə yardımının əsas təchizatçısıdır.
Bu yaxınlarda Həmasın Livandakı nümayəndəsi Usama Həmdan bu ayın əvvəlində İslam birliyi konfransında iştirak etmək üçün Tehranda olub. Tasnim agentliyinin oktyabrın 4-də dərc olunan məlumatında onun iştirakçılara “bütün islamçı partiyaların Qüdsü azad etmək üçün əlindən gələni etməsinin” zəruriliyindən danışdığı bildirilib.
İRNA dövlət xəbər agentliyinin dərc etdiyi fotoda Həmdanın oktyabrın 1-də keçirilən konfransın açılış mərasimində İran prezidenti İbrahim Rəisiyə yaxın məsafədə dayandığı göstərilib.
ABŞ-ın Nüvə silahına malik İrana Qarşı Birlik Qrupunun (UANI) siyasət məsələləri üzrə direktoru Ceyson Brodski Amerikanın Səsinin Fars xidmətinə müsahibəsində son görüşlərin İran və Həmas arasında “əhəmiyyətli koordinasiya”nın olduğunu göstərdiyini deyib.
Həmasın hücumlara başlamasından dörd gün əvvəl İranın ali dini lideri Ayətullah Əli Xamenei X sosial media platformasında İsraili nəzərdə tutaraq “qəsbçi rejim bitdi” mesajını yazıb.
“Bu gün Fələstin gəncləri və Fələstində zülm və işğala qarşı hərəkat son 70-80 ildəkindən daha enerjili, canlı və daha hazırlıqlıdır. Allahın izni ilə hərəkat öz məqsədinə çatacaq”, o əlavə edib.
Hayfa Universitetinin İran və Körfəz Araşdırmaları Mərkəzində israilli təhlilçi Aleksandr Qrinberq Amerikanın Səsinə bildirib ki, şənbə günü hücumlar başlayan kimi Həmasın yerləşdirdiyi onlayn şəkillər bir neçə dəqiqə ərzində İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli İran sosial media şəbəkələri tərəfindən yenidən yayımlanıb.
Qrinberq misal olaraq fələstinli yaraqlıların əsir götürülmüş israillini yük maşınında daşıyarkən çəkdiyi iddia edilən videonu göstərib. Video 400 mindən çox abunəçisi olan İslam İnqilabı Keşikçiləri Korpusunun simvolları ilə Telegram hesabında yayımlanıb.
İran rəsmiləri də dövlət mediasında dərc olunan açıqlamalarında tez zamanda Həmasın hücumlarını tərifləməyə başlayıblar.
Fars xəbər agentliyi Xameneyinin hərbi müşaviri, İran İnqilab Keşikçiləri Korpusunun general-mayoru Yəhya Rəhim Səfəvinin açıqlamalarını yayımlayıb: “Biz Fələstin və Qüds azad edilənə qədər fələstinli döyüşçülərin yanında olacağıq”.
İsrailin baş naziri Benyamin Netanyahunun keçmiş milli təhlükəsizlik müşaviri, istefada olan general-mayor Yaakov Amidror şənbə günü Amerikanın Səsinə telefonla deyib ki, İranın Həmasın hücumunun planlaşdırılmasında və həyata keçirilməsində hansı rol oynadığını söyləmək hələ tezdir.
“Bunu yalnız araşdırmadan sonra bilmək olar”, Amidror bildirib. “Bu təhqiqatın bir hissəsi İsrailin hərbi reaksiyasına paralel aparılacaq, lakin çox güman ki, əməliyyatdan sonra olacaq”, o deyib.
Ağ Evin yüksək səviyyəli rəsmisi jurnalistlərlə söhbətində Amidrorun qiymətləndirməsini təkrarlayıb. Diplomatik əlaqələrlə bağlı məsələləri müzakirə etmək üçün adının açıqlanmasını istəməyən rəsmi İranın hücuma dəstəyinin miqyasını müəyyənləşdirmək üçün hələ tez olduğunu bildirib. “Biz bunu yaxından izləyəcəyik” – deyə, o bildirib.
Amidror deyib ki, əgər təhqiqat İranın hücumlarda birbaşa iştirakına dair aydın sübutlar tapsa, İsrailin İranın islamçı rəhbərlərinə “bunun bədəli olduğunu” göstərmək üçün böyük səylər göstərəcəyinə “şübhə yoxdur”.
Amerikanın Səsinin Fars xidmətinə müsahibə verən bir neçə təhlilçi İranın Həmasın hücumunun vaxtı ilə bağlı bir çox motivləri olduğunu bildirib.
“İran rejimi üçün Fələstin məsələsi onun legitimliyinin bir neçə mənbəyindən biri olub. Xüsusilə də rejimin legitimliyinin öz əhalisi arasında böhran içində olduğu bir vaxtda Fələstin məsələsi İrandakı mollalara, xüsusən də əsas elektorat arasında nüfuzlarını artırmaq və müəyyən qədər legitimlik əldə etmək üçün asan yol təklif edib”, Missuri Universitetinin Yaxın Şərq siyasəti professoru David Romano deyib.
İranın islamçı rəhbərliyi keçən ilin sentyabrında rejimin dəyişdirilməsinə çağıran ümummilli etirazların başlanması və bu il də davam etməsi ilə 44 illik hakimiyyəti dövrü ən böyük sınaqla üzləşib. İran hakimiyyəti etirazları zorakılıqla yatırdıb, insan hüquqları müdafiəçiləri yüzlərlə insanın öldürüldüyünü, minlərlə insanın isə həbs edildiyini bildirib.
Londonda Yaxın Şərq üzrə təhlilçi Əlireza Nurizadə deyib ki, İranın dəstəyinin arxasında duran digər amil İsrail və İranın digər rəqibi olan Səudiyyə Ərəbistanının münasibətləri normallaşdırmaq istiqamətində atdığı son addımlarla bağlıdır. Ər-Riyad son həftələrdə İsrailin iki nazirini qəbul edib. Bu, İsrailin yüksək səviyyəli rəsmilərinin Körfəz dövlətinə ilk belə səfərləri olub.
ABŞ İsrailin son illərdə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş ilə tam diplomatik əlaqələr qurmasına yol açan razılaşmanın genişləndirilməsi kimi İsrail-Səudiyyə münasibətlərinin normallaşmasını təşviq edib.
“Xamenei Səudiyyə Ərəbistanının İsraillə münasibətləri normallaşdırmasından dəhşətə gəlib”, Nurizadə deyib.
Tehran və Ər-Riyad bu ilin əvvəlində münasibətlərdə 7 illik fasilədən sonra bir-birinin paytaxtlarında səfirliklərini yenidən açaraq normallaşma prosesinə başlayıblar.
Brodski əlavə amil kimi İsraildə builki siyasi qarışıqlığı qeyd edib.
“İslam respublikası belə görünür, Netanyahu hökumətinin həyata keçirməyə çalışdığı məhkəmə islahatı təklifləri ilə bağlı İsraildə dərin daxili fikir ayrılıqları olduğunu hesab etdiyinə görə bu eskalasiyadan qurtula biləcəyini düşünür”, Brodski deyib.
“Bu problem, eləcə də rejimin İbrahim Razılaşmalarının hər hansı bir şəkildə uzadılmasını pozmaq istəyi ehtimal ki, İsrailə qarşı radikal addım atmaq riskinə tolerantlığını artırıb”, o bildirib.
Forum