Sentyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov barəsində seçilmiş həbs-qətimkan tədbirindən verilən şikayətə baxılıb.
Sentyabrın 21-də Xətai Rayon Məhkəməsi Afiəddin Məmmədov barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçib. Gənc fəala qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.
Afiəddin Məmmədovun vəkili Zibeydə Sadıqova Amerikanın Səsinə açıqlamasında bildirib ki, şikayət təmin edilməyib:
"Biz öz şikayətimizi səsləndirdik. Bildirdik ki, ona verilən ittiham əsassızdır. O, söylənilən cinayəti etməyib, hətta, özü əslində zərər görüb. Hazırda onun burnunda şişkinlik var, nəfəs almaqda çətinlik çəkir. Hətta o bildirib ki, istintaq təcridxanasında olanda 2 gün ərzində burnundan qan gəlib. Onu ekspertizaya da aparıblar. Həmin zərbənin təsirindən gözünün altında qaralma var. Çıxışı zamanı cinayətlə heç bir əlaqəsi olmadığını vurğuladı. Müstəntiq də məhkəmədə şikayətimizin təmin edilməsini istədi. Afiyəddin Məmmədov Bakı İstintaq Təcridxanasında saxlanılacaq".
Forum