Accessibility links

Əvəz Zeynallının həyat yoldaşı: "Onun səhhətindəki problemlər bizi çox narahat edir"


Məlahət Zeynallı
Məlahət Zeynallı

Sentyabrın 29-u Bakı Ağır Cinayətlər məhkəməsində Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı və Səda TV-nin əməkdaşı Elnur Şükürovun növbəti məhkəmə iclası keçirilib.

Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı Amerikanın Səsinə açıqlamasında bildirib:

"Bugünkü məhkəmə prosesinə Suraxanı rayon icra başçısı Əvəz Əvəzovu şahid qismində dəvət etmişdilər. Bir torpaq məsələsinin sənədləşməsi ilə bağlı hakim ona suallar verdi. Daha Sonra Əvəz Zeynallı ondan soruşdu ki, mənim sizin işinizə qanunsuz müdaxilə etmək səlahiyyətim varmı? O cavab verdi ki, sizin belə bir səlahiyyətiniz yoxdur, lakin sizin qohumunuz olduğunuzu dedilər. Mən sizin "YouTube" kanalınızdakı çıxışlarınızdan narahat oldum, ona görə, onların işini həll etdim. Əgər bu qanunsuz işdirsə, niyə icra başçısı bu işi götürüb? Yox, əgər, qanunsuz deyilsə, burda nə cinayət var?"

Məlahət Zeynallının sözlərinə görə, Əvəz bəyin səhhətində problemlər qalmaqdadır:

"Biz neçə dəfə müraciət etmişik ki, Əvəz Zeynallının müayinə olunsun. Məhkəmənin də qərarı var. Lakin onun fərdi qaydada müalicə olunmasına imkan yaradılmır. Deyirlər ki, yalnız Bakı İstintaq Təcridxanasının müalicə müəssisəsində baxacaqlar. Onun gözünə isə peşəkar həkim baxmalıdır. Əvəz Zeynallının gözündə katarakta var. Həbs olunmamışdan əvvəl o, əməliyyata getməyi planlaşdırırdı. Orda kimsə baxıb və deyib ki, hələ vaxtı deyil, əməliyyata göndərə bilmərik. Təsəvvür edin ki, nə kitab oxuya bilir, nə yazı yaza bilir, nə də televizora baxa bilir. Bu bizi çox narahat edir".

"Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallı ötən il sentyabrın 9-dan, "Səda TV"nin rəhbəri Elnur Şükürov isə sentyabrın 13-dən həbsdədir. Onlar rüşvətxorluqda, dələduzluqda, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə və digər əməllərdə ittiham olunurlar. Amma jurnalistlər ittihamları qəbul etmir və özlərini təqsirkar bilmir.

Zeynallı məhkəmədə bildirib ki, o, sifarişlə həbs edilib və məqsəd onu susdurmaqdır.

Forum

XS
SM
MD
LG