Sentyabr ayının 19-da Zəncanda İranın təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alınan Fərhad Hüseyninin müvəqqəti olaraq sərbəst buraxıldığı bildirilir.
Aznews TV və Abbas Lisani Telegram kanalı kimi mənbələrin xəbərinə əsasən, Hüseyni sentyabrın 26-da mülki zəmanət qarşılığında azad edilib. Mədəni fəalın məhkəmə prosesi davam edəcək.
Nəzarət altına alındıqdan sonra İranın İslami İnqilab Qvardiyasının (Sepah) kəşfiyyat şöbəsində sorğu-sual edilən fəal həmin şöbənin təcridxanasından sərbəst buraxılıb.
Fərhad Hüseyninin hansı ittihamlar ilə üzləşdiyi bəlli deyil. O, illərdir ki, türk dil hüquqları və bəzi digər milli-mədəni məsələlər üzrə fəaliyyətlər yürüdüb. Hüseyni keçən illərdə Zəncan mədəniyyət ocaqlarında türk dili müəllimi kimi fəaliyyət göstərib və Zəncanın yerli qəzetləri üçün məqalələr yazıb.
Son həftələrdə İran Azərbaycanının müxtəlif şəhərlərində həm Urmiyə gölündə durumla bağlı etirazlar və maarifləndirmə kampaniyaları, eləcə də İranda məktəblərin açılması ilə birlikdə türk dilində təhsil qadağasına etiraz səslərinin yüksəlməsi fonunda mədəni və siyasi fəallara qarşı təzyiqlər artıb.
Forum