Yeni sorğuya əsasən, Əfqanıstanda yüzlərlə qadın deyir ki, BMT qadınların iş və təhsil imkanları bərpa olunmayana qədər Taliban hökumətini tanımamalıdır.
İyulda BMT ekspertləri ilə danışan 592 əfqan qadının təxminən 46%-i bildirib ki, dünya qurumu “heç bir halda” Talibanı Əfqanıstan hökuməti kimi tanımamalıdır.
Sorğuda iştirak edən respondentlərin yarısı bildirib ki, Taliban hökumətinin tanınması qadınların təhsil və işləmək də daxil olmaqla, hüquqlarının nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılmasından asılı olmalıdır.
2021-ci ildə hakimiyyəti ələ keçirdikdən sonra Taliban qızlar üçün orta məktəbləri və universitetləri bağlayıb, saysız-hesabsız gənc qadını təhsildən məhrum edib və qadınların məşğulluğuna ciddi məhdudiyyətlər qoyub.
İslamçı rejim həmçinin qadınların sosial hüquqlarına idman və əyləncə saytlarına giriş kimi çoxsaylı digər məhdudiyyətlər tətbiq edib ki, bu da BMT və insan haqları təşkilatlarını Əfqanıstanı “gender-aparteid” altında olan ölkə adlandırmağa vadar edib.
BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) çərşənbə axşamı yaydığı hesabatda "Onlar [sorğuya cavab verənlər] tanınmaları ilə de-fakto hakimiyyətin qadın və qızlara qarşı siyasət və təcrübələrində daha sərt davranışı davam etdirəcəyindən narahat olduqlarını bildiriblər" deyib.
Talibanın beynəlxalq səviyyədə tanınması ilə bağlı çağırışları dəyişiklik tələbləri ilə qarşılanıb. Bir çox ölkə rejimdən öz misoginist (qadınlara qarşı qərəzli davranış) siyasətindən əl çəkməyi, əhatəli hökumət qurmağı və insan hüquqlarına hörmət etməyi tələb ediblər.
Bununla belə, Taliban rəsmiləri iddia edir ki, onların "İslam Əmirliyi" hərtərəflidir və İslam şəriət qanunları çərçivəsində də olsa, insan hüquqlarına hörmət edir.
BMT-nin sorğusu Taliban hakimiyyəti altında qadınların sağlamlığında, gəlirlərində və sosial təsirlərində nəzərəçarpacaq geriləmələr aşkar edib.
UNAMA-nın hesabatında deyilir: "Məsləhətləşmələr aparılan qadınlar tez-tez öz həyatlarını qaranlıqda yaşayan, gələcəyə ümidsiz evə qapanan məhbus həyatı kimi təsvir edirlər".
Sorğuda iştirak edən qadınların əksəriyyəti, yəni 80%-i gəlir gətirən fəaliyyətlərlə məşğul olmaq qabiliyyətinin aşağı olduğununü bildirib.
İyul ayında Taliban Əfqanıstanda qadın gözəllik salonlarını qadağan edərək 4000-ə yaxın qadını gəlirdən məhrum edib.
Bu gəlir itkisi qadınların sosial və ailədəki rollarına dərin təsir göstərərək, onların ev təsərrüfatlarının qərarlarının qəbulunda təsirini azaldıb.
BMT-nin hesabatında deyilir: "69 faiz narahatlıq, təcrid və depressiya hisslərinin əhəmiyyətli dərəcədə artdığını bildirib".
Əfqan qadınlarının vəziyyəti ölkədə dərinləşən humanitar böhran və humanitar yardımın kəskin azalması ilə daha da ağırlaşır.
BMT-nin 2023-cü il üçün 3,227 milyard dollar üçün müraciəti 19 sentyabr tarixinə tələb olunan maliyyənin yalnız 28%-dən azını əhatə edib.
Bu çatışmazlıq yardım agentliklərini qadın və uşaqlar da daxil olmaqla, milyonlarla həssas əfqanın ərzaq yardımı və səhiyyə xidmətlərini kəsməyə məcbur edib.
Forum