Accessibility links

The New York Times: Dəlillər Ukrayna raketinin bazara səhvən düşdüyünü göstərir


“The New York Times” qəzetinin yazdığına görə, dəlillər bu ay Ukraynanın şərqindəki Kostiantınivka şəhərinin bazarında baş verən ölümcül partlayışın Ukrayna tərəfindən səhvən atılan raket nəticəsində baş verdiyini göstərir.

Ukrayna sentyabrın 6-da azı 16 nəfərin ölümü ilə nəticələnən partlayışın Rusiya raketi tərəfindən törədildiyini bildirib.

“The New York Times”ın topladığı və təhlil etdiyi sübutlar, o cümlədən raket parçaları, peyk şəkilləri, şahidlərin dedikləri və sosial şəbəkələrdəki paylaşımlar fəlakətli zərbənin “Buk” raket sistemi ilə səhvən Ukrayna hava hücumundan müdafiə raketinin atılmasının nəticəsi olduğunu göstərir”.

Qəzet hava hücumundan müdafiə mütəxəssislərinə istinadən bildirib ki, Kostiantınivkaya dəyən raket kimi raketlər müxtəlif səbəblərə, o cümlədən elektron nasazlıq və ya buraxılış zamanı istiqamətləndirici üzgəcin zədələnməsi və ya kəsilməsinə görə kursdan çıxa bilər.

Bildirilib ki, təhlükəsizlik kamerası görüntülərində raketin Kostiantınivkaya Rusiya xəttinin arxasından deyil, Ukraynanın nəzarətində olan ərazi istiqamətindən uçduğu görünür.

“The New York Times” zərbədən bir neçə dəqiqə əvvəl Ukrayna hərbçilərinin Kostiantınivkadan 16 kilometr şimal-qərbdə yerləşən Drujkivka şəhərindən Rusiyanın cəbhə xəttinə doğru iki “yer-hava” raketi atdığını göstərən dəlillərə istinad edib. Qəzet zərbə zamanı Drujkivkadan Rusiya cəbhə xətti istiqamətində raketlərin atıldığını gördüklərini söyləyən iki şahidə istinadən xəbər verib.

Onlardan birinin sözlərinə görə, raketlər Kostiantınivka istiqamətində atılıb. Qəzet partlayışın törətdiyi dəliklərin ölçülməsi və hadisə yerində tapılan parçaların mobil “Buk” zenit maşını tərəfindən atılan 9M38 raketi ilə uyğun olduğunu bildirib.

“Buk” sistemindən həm Ukrayna, həm də Rusiya istifadə edir.

Reuters xəbəri müstəqil şəkildə yoxlaya bilməyib.

Ukrayna prezidentinin köməkçisi Reuters-in şərh sorğusuna hələ cavab verməyib.

“The New York Times” Ukrayna silahlı qüvvələrinin sözçüsünə istinadən bildirib ki, ölkənin təhlükəsizlik xidməti insidenti araşdırır və milli qanunvericiliyə görə, əlavə şərh verə bilməz.

Forum

XS
SM
MD
LG