Accessibility links

Netanyahu qarşıdurmalarda iştirak edən eritreyalıların deportasiya edilməsini istəyir


Təl-Əvivdə zorakı toqquşmalardan sonra İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, qarşıdurmalarda iştirak edən eritreyalı miqrantların dərhal deportasiya edilməsini istəyir. Baş nazir bütün afrikalı miqrantların İsraildən çıxarılması planına da göstəriş verdiyini bildirib.

Şənbə günü Təl-Əvivdə Eritreya repressiv hökumətinin tərəfdarları və əleyhdarları arasında ciddi qarşıdurma yaşanıb.

İki fraksiya arasında qarşıdurma Eritreya səfirliyində Eritreyanı dəstəkləyən tədbir zamanı baş verib.

İsrailin fövqəladə hallar xidməti davada ən azı 114 nəfərin yaralandığını bildirib. İsrail polisi qarşıdurmanı dağıtmaq üçün səs qumbaralarından istifadə edib, nəticədə etirazçılar polisə daş atıblar.

Agency France-Presse polisin etirazçılara qarşı canlı atəşdən istifadə etdiyini və 27 polisin yaralandığını bildirir.

Reuters xəbər verir ki, başından yaralanmış və qolları qana bulaşmış kişilər uşaq meydançasına sığınıblar.

İsraildə 20 minə yaxın Eritreyadan sığınacaq axtaran şəxs yaşayır. Onların bir çoxu İsrailin Misirlə sərhədindən qanunsuz olaraq İsrailə keçib.

Netanyahunun ofisi şənbə günü bəyanat yayaraq, baş nazirin "deportasiya istiqamətində atılan addımlar da daxil olmaqla, iğtişaşlarda iştirak edən qeyri-qanuni mühacirlərə qarşı görüləcək tədbirləri araşdırmaq üçün" bazar günü xüsusi nazirlər qrupunu toplayacağını bildirib.

Eritreyalılar vətənlərinə qaytarılacaqları təqdirdə təqiblərlə üzləşəcəklərini deyirlər.

Forum

XS
SM
MD
LG