Sentyabrın 1-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin intizam komissiyasının iclasında vəkil Zibeydə Sadıqova ilə bağlı şikayətə baxılıb.
Vəkilin məlumatına görə, Zibeydə Sadıqovadan "Modern Hospital" şikayət edib. Şikayət onunla əsaslandırılıb ki, vəkil icraatında olan mülki işlərin birində hospitalın kommersiya sirrlərini açıqlayıb.
Zibeydə Sadıqova bildirib ki, iclasda hospitalın şikayəti araşdırılıb və əsassız olduğu elan edilib:
"Rəyasət Heyəti də belə qənaətə gəldi ki, mənim hərəkətlərimdə hər hansı pozuntu qeydə alınmayıb. Bu əsasla intizam icraatına xitam verildi".
Zibeydə Sadıqova daha çox ictimai-siyasi fəalların, tənqidçi jurnalistlərin hüquqlarını müdafiə edən vəkildir.
Vəkil avqustun 30-da Azərbaycan Vəkillər Kollegiyasının sentyabrın 1-də keçiriləcək Rəyasət Heyəti iclasına dəvət edilib. Səbəbini soruşanda ona barəsində rəy verildiyi bildirilib. O deyib ki, Kollegiyadan rəyin nə barədə olduğunu soruşub, mahiyyəti ilə tanış olmaq istədiyi deyib, ancaq ona məlumat verilməyib. Kollegiyadan bildiriblər ki, rəyi yalnız imzalayıb götürə bilər.
Forum