Accessibility links

Natiq Cəfərli: Müasir turizm konsepsiyası rahat, ucuz turizmə üstünlük verir


 Natiq Cəfərli -İqtisadçı ekspert
Natiq Cəfərli -İqtisadçı ekspert

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda turizm sahəsinin hazırkı vəziyyətindən və bu sahədə atılmalı olan addımlardan danışıb.

Amerikanın Səsi: Azərbaycan höküməti turizm sahəsini iqtisadiyyatın qeyri-neft sektorunun priorotet istiqamətlərindən adlandırır. Bəs ölkənin quru sərhədlərinin COVİD-19 pandemiyası səbəbindən qapalı saxlanılması turizmın inkişafına necə təsir edir?

Natiq Cəfərli: Əslində artıq quru sərhədlərinin bağlı qalmasının tibbi səbəbdən olduğunu heç kimi inandırmaq mümkün deyil. Çünki dünyada artıq bütün ölkələr bu məhdudiyyətləri tamamilə aradan qaldırıblar. Quru sərhədlərinin bağlı olması rəqəmsal olaraq da turizm sahəsində ciddi problemlərin yaranmasına səbəb olub. Məsələn, 2019-cu ildə turizmin pik nöqtəsində COVİD-dən öncə Azərbaycana az qala 3 milyona yaxın turist gəlmişdir. 2022-ci il rəqəmlərinə baxanda bu 1 milyona yaxın oldu. İndi də ilk 7 ayın rəqəmləri 1.1 milyondur. Amma ilin sonuna qədər maksimum milyon yarıma yaxın turistin gəlməsi gözlənilir. Yəni rəqəmləri də müqayisə etsək görürük ki, quru sərhədlərinin bağlı olması turist sayını ən azı iki dəfə aşağı salıb. Bu həm də sərhədyanı bölgələrə turist qruplarının gəlməsinə əngəl yaradır. Həm də ölkənin özündə əhalinin xaricə keçməsində problem yaradır. Nəticə etibarı ilə turizm sektorunda ciddi gəlir azalmasına və dövriyyənin azalmasına səbəb olur. Quru sərhədlərinin bağlı olması təkcə ölkəyə gələn turizm gəlirlərinə təsir etmir. Ölkədə fəaliyyət göstərən turizm şirkətləri ölkədən kənara da avtobus turları təşkil edirlər. Onlar da vəsait qazanırdılar. Bu vəsaitdən vergilər ödəyirdilər. Onların da məhdudlaşması turizm sahəsinə gəlir baxımından ciddi zərbə vurur.

Natiq Cəfərli: Müasir turizm konsepsiyası rahat, ucuz turizmə üstünlük verir
please wait

No media source currently available

0:00 0:08:37 0:00

Amerikanın Səsi: Ümimiyyətlə Azərbaycanın turistik infrastrukturun inkişafını necə qiymətləndirirsiniz?

Natiq Cəfərli: Azərbaycanda turizm sahəsinin prioritet elan olunması təqribən 2000-ci illərin ortalarından başladı. Bununla bağlı dövlət proqramlarının qəbul olunmasını gördük. Sonra ard-arda müxtəlif dövlət proqramları qəbul olundu. Amma çox təəssüf ki, belə obrazlı desək, Azərbaycanda bir “elitar turizm”in inkişafına start verildi. Beşulduzlu hotellər tikildi. Çox zaman da dövlət vəsaiti hesabına bu layihələr həyata keçirildi. Təbii olaraq turizmin inkişafı Azərbaycanda baş vermədi. Bu günə qədər də barmaqla sayılacaq qədər Azərbycanda hostellər, homehotel konsepsiyalı hotellər var. Bu onu göstərir ki, Azərbaycanda konsepsiya olaraq bahalı turizmə önəm verildi deyə bu bir müddətdən sonra özünü doğrultmadı. Bu gün də hotellər şəbəkəsinin rəsmi məlumatlarına baxanda görürük ki, hələ də ziyanla işləyirlər. Bu onu göstərir ki, bu konsepsiya səhvdir. Məhz müasir turizm konsepsiyası da bahalı turizmə yox, daha çox rahat, ucuz turizmə üstünlük verirlər. Azərbaycanda bu infrastrukturda ciddi axsamalar var.

Amerikanın Səsi: Azərbaycanda bir necə beynəlxalq hava limanı var. Turistlərin cəlb edilməsi üçün bunlardan effektiv istifadə olunurmu?

Natiq Cəfərli: Nəinki effektiv istifadə olunmur. Hətta büdcəyə əlavə yükdürlər. Məsələn, Lənkəran, Qəbələ, Zaqatala hava limanları hələ də dövlət büdcəsi hesabına başa gəlir. Mən bildiyim qədəri ilə bir çox xarici şirkətlər həmin hava limanlarının işlətməsi ilə bağlı Azərbaycan hökümətinə dəfələrlə müraciət ediblər. Bununla bağlı müəyyən addımlar da oldu. Məsələn, Qəbələ hava limanında türk şirkətlərinin birinin uçuşları təşkil olundu. Sonradan yenidən bunlara ara verildi. Bunun səbəbi ondan ibarətdir ki, bizdə hava limanlarının işlətməsi “AZAL”ın törəmə şirkətlərinə bağlıdır. Yerüstü xidmətlərin çox baha olması biletlərin qiymətinə də təsir edir. “AZAL” da həmin o yerüstü xidmətləri və hava limanlarının işlətməsini öz əlindən buraxmaq istəmir. Amma biz dünyada görürük ki, hətta qonşu Gürcüstanda da bu var. Məsələn, Kutaisi hava limanını türk şirkətləri işlədir. Nəticə etibarı ilə Kutaisi hava limanından uçuşların daha ucuz olduğunu görürük. Bu konsepsiyanı Azərbaycanda da yaratmaq olar. Məsələn Qəbələ, Lənkəran, Füzuli, Zaqatala, Gəncə hava limanlarını dövlətin əlində qalmaqla uzun müddətli icarəyə vermək şərti ilə xarici, aşağıbüdcəli şirkətlərə verilsə, o zaman həm rəqabət yaranar, həm də ölkənin daxili turizminə müsbət təsirini göstərər.

Amerikanın Səsi: Turizm potensialından daha səmərəli istifadə etmək üçün hansı işlər görülməlidir?

Natiq Cəfərli: İlk növbədə quru sərhədləri açılmalıdır. Bu iqtisadi, psixoloji, siyasi baxımdan ölkəyə baş ucalığı gətirmir. Sərhədyani turizm inkişaf etdirilməlidir. Məsələn, Gürcüstana gələn avropalı turist qurupları var ki, onlar avtobuslarla Azərbaycana keçmək istəyirlər. Əvvəllər Şəkiyə, Qəbələyə turlar təşkil olunurdu. İndi onlar yoxdur. Quru sərhədlərdən başqa hava limanlarının işlətmə konsepsiyası dəyişməlidir. Aşağıbüdcəli şirkətlərə uzun müddətli icarəyə vermək olar. Avropa şirkətlərini buraxmaq istəmirlərsə, türk şirkətləri var ki, onlar Azərbaycan bazarında çox məmnuniyyətlə fəaliyyət göstərmək istəyərdilər. Daha sonra turizm konsepsiyasında bir dəyişikliyə getmək lazımdır. Regionlarda iş yerləri ilə bağlı onsuz da problemlər var. Bu problemlərin həllinin yollarından biri də “homehotel” konsepsiyasının tətbiqidir. Bu o deməkdir ki, onlara uzunmüddətli kreditlər verilə bilər. Kiçik butik hotellərin yaradılmasına dövlət qurumları dəstək göstərə bilər. Onları treyninqə cəlb etmək olar. Hostellərin, 2-3 ulduzlu hotellərin daha geniş yaradılması turizm üçün əlverişli bir şərait yarada bilər. Dünyada turizm konsepsiyası dəyişib. İnsanlar rahat, təmiz və ucuz yer axtarırlar. Əgər bu konsepsiya dediyim məsəllərlə birləşdirilsə Azərbaycanın çox ciddi turizm potensialı var və bunlar bu potensialın üzə çıxmasına yardımçı ola bilər.

Forum

XS
SM
MD
LG