Accessibility links

Avstraliyalı xəstənin beynində canlı qurd aşkar edilib


Avstraliyada bir qadının beynində 8 santimetrlik canlı qurd tapılıb və tədqiqatçılar bu parazitin insanlarda ilk dəfə aşkar edildiyini bildirib. Qurd 2022-ci ilin iyununda Avstraliyanın paytaxtı Kanberrada əməliyyat zamanı xəstənin beynindən çıxarılıb.

Emerging Infectious Diseases jurnalının sənədləşdirilən 8 santimetr uzunluğundakı qırmızı qurd xəstənin beynindən çıxarılanda canlı idi. Alimlər hesab edir ki, qurd çıxarılmasından əvvəl iki aya qədər orada ola bilərdi.

Avstraliya Milli Universitetinin tibb üzrə dosenti və Kanberra Xəstəxanasının yoluxucu xəstəliklər üzrə həkimi Sanjaya Senanayake bu işdə iştirak edən tədqiqatçılardan biri olub. O, Amerikanın Səsinə cərrahın gözlənilməz kəşf etdiyi anı təsvir edib.

"O və əməliyyat otağında olan hər kəs həyatlarının şokunu yaşadılar və anormallıq 8 santimetrlik canlı açıq qırmızı qurd idi. Bu, daha əvvəl heç bir insanda sənədləşdirilməmiş yeni bir infeksiyadır."

64 yaşlı avstraliyalı xəstə mədə ağrıları, ishal və depressiyadan şikayət edirdi. O, 2021-ci ilin yanvarında xəstəxanaya yerləşdirilib. Sonradan müayinə zamanı beynində anormallıq olduğu aşkar edilib. 2022-ci ilin iyun ayında qadın Kanberra Xəstəxanasında biopsiyadan keçib və parazit aşkarlanıb.

Senanayake xəbərdarlıq edir ki, bu, heyvanlardan insanlara yoluxma təhlükəsinin artdığını göstərir.

"Ev, vəhşi heyvan, vəhşi flora və insanların qarşılıqlı əlaqəsi bu yeni infeksiyaların daha çox ortaya çıxmasına səbəb olacaq."

Tədqiqat qrupu sürfələrin və ya cavan parazitlərin qadının bədəninin digər orqanlarında, o cümlədən ağciyərlərdə və qaraciyərdə də olduğundan şübhələnir.

Tədqiqat qrupuna Avstraliya Milli Universiteti, CSIRO, milli elm agentliyi, Melburn Universiteti və Sidney Universitetinin alimləri və yoluxucu xəstəliklər, immunologiya və neyrocərrahiyyə həkimləri daxil idi. Xəstənin sağaldığı bildirilir.

Yumru qurd adətən Avstraliyada xalça pitonlarında olur. Zəhərli olmayan ilanın Avstraliyanın Yeni Cənubi Uels əyalətində xəstənin toxunduğu otlara və ya bitkilərə nəcisi ilə parazit tökdüyü güman edilir.

Forum

XS
SM
MD
LG