Accessibility links

Təhlilçi: Yeni dəyişikliklər vergi və investisiya mühiti aspektindən pozitivdir


Rəşad Həsənov (Arxiv foto. Mənbə: VOA)
Rəşad Həsənov (Arxiv foto. Mənbə: VOA)

Xarici dövlətlərin səlahiyyətli orqanının nümayəndəsinə Azərbaycanda və ya Azərbaycan nümayəndələrilə həmin ölkədə fəaliyyət göstərən vergi ödəyicisində keçirilən səyyar vergi yoxlamalarında iştirak etmək hüququ verilib.

Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirliyin Kollegiyasının “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 7 sentyabr 2016-cı il tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Qərara görə, Azərbaycanın vergi orqanının rəhbəri (müavini) xarici dövlətlərin səlahiyyətli orqanının nümayəndəsinin səyyar vergi yoxlamalarında iştirak etməsi üçün qərar qəbul etməli, onların iştirakının əsasları göstərilməli, həmçinin xarici ölkənin orqanının və nümayəndələrinin adları göstərilməlidir.

Bundan başqa, qərara əlavə edilmiş yeni bəndə əsasən, səyyar vergi yoxlamasını keçirən yoxlayıcılara əmtəəsiz və riskli əməliyyatlar aparması aşkar edilən şəxsə riskli vergi ödəyicisi olması barədə qərar çıxarılması üçün tədbirlər görmək hüququ verilir.

Həmçinin mədən vergisinin yoxlanılması zamanı yerin təkindən çıxarılmış faydalı qazıntılar barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə təqdim edilmiş hesabatların mədən vergisi bəyannamələri ilə uyğunluğu yoxlanılacaq.

Xatırladaq ki, Azərbaycanda yüzlərlə xarici şirkət fəaliyyət göstərir. Həmçinin mədən sənayesində çalışan şirkətlərin illik gəlirləri yüz milyonlar dollarla hesablanır.

İqtisadi məsələlər üzrə təhlilçi Rəşad Həsənov Amerikanın Səsinə bildirib ki, yeni dəyişikliklər vergi mühiti və investisiya mühiti aspektindən pozitiv qiymətləndirilməlidir.

“Bənzər təcrübə əksər ölkələrdə tətbiq edilir. Məqsəd tərəflər arasında potensial mübahisəli halların, o cümlədən subyektiv və qərəzli yanaşmaların qarşısının alınması, vergi ödəyicisinə münasibətdə ədalətli qərarın qəbul edilməsi və prosesdə şəffaflığın təmin edilməsidir”.

Təhlilçi hesab edir ki, Azərbaycanda müvafiq təcrübənin tətbiqi daha əhəmiyyətlidir.

“Mürəkkəb vergi qanunvericiliyi, subyektivlik institutunun mövcudluğu, qeyri-peşəkarlıq, sərmayə reputasiyasının zəifliyi kimi məqamlar yerli orqanların qəbul etdiyi qərarlarının legitimliyi və ədalətliliyi ilə əlaqədar hər zaman müyəyən şübhələrə yol aça bilər. Birgə iştirakçılıq bu problemin təsirlərinin zəiflədilməsinə xidmət edə bilməklə yanaşı, vergi rejimlərini tənzimləyən ikitərəfli sazişlərin tətbiqinə nəzarətin səmərəli tətbiqi, ikiqat vergitutma hallarının önlənməsi kimi istiqamətlərdə əlverişli imkan yaradır”, o qeyd edib.

Həsənov bildirir ki, yeni sənəd Azərbaycanın vergi orqanlarının da yerli rezidentlərin xarici ölkələrdə fəaliyyətinə nəzarət imkanını təmin edir.

“Mexanizmin tətbiqi ilə əlaqədar isə hər hansı problemin olacağını düşünmürəm. Sadəcə daha yaxşı olar ki, vergi ödəyiciləri üçün də bənzər təşəbbüslə çıxış etmək imkanı yaradılsın. Bu halda xarici rezidentlər/sərmayədarlar üçün daha risksiz fəaliyyət vəd edilə bilər. Digər tərəfdən mexanizmin parametrlərini təkmilləşdirməklə subyektivlik amilinin təsirləri də minimalizə (qənaət-red) edilməlidir deyə düşünürəm”, təhlilçi Amerikanın Səsinə deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG