Accessibility links

Lawyers for Lawyers: Biz Elçin Sadıqovun hüquq müdafiəçisi kimi repressiyaya məruz qalmasından narahatıq


Vəkil Elçin Sadıqov
Vəkil Elçin Sadıqov

"Biz narahatıq ki, Elçin Sadıqovun vəkillik lisenziyasının dayandırılması düzgün olmayan faktlara əsaslanır və bir insan haqları vəkili kimi ona qarşı repressiyalara səbəb olur".

Bu barədə Hollandiya qərargahlaşan hüquqşünasların müstəqil şəbəkəsi olan "Lawyers for Lawyers" fondu öz bəyanatında qeyd edib.

Fondun yaydığı bəyanatda deyilir ki, onlar Elçin Sadıqovun 6 iyul 2023-cü il tarixindən etibarən vəkillik lisenziyasının dayandırılmasından narahatdır:

"Cənab Sadıqov Azərbaycan Vəkillər Kollegiyasının tanınmış hüquqşünasıdır. Sadıqov fəaliyyəti çərçivəsində siyasi məhbusların, jurnalistlərin, medianın, siyasi xadimlərin, fəalların və LGBTIQ+ icmasının hüquqlarını müdafiə edib".

"Lawyers for Lawyers" fondu bildirib ki, Elçin Sadıqovun 2022-ci il sentyabrın 10-da həbsi qarayaxma kampaniyasına əsaslanıb.

"Hazırda cənab Sadıqov həbsdən azad edilib, lakin onun barəsində olan cinayət işi hələ də davam edir. Bu isə onun telefonlarının və kompüterlərinin müsadirə olunması, habelə səyahət qadağası ilə nəticələnib", deyə açıqlamada qeyd olunur.

Fondun bəyanatında deyilir ki, vəkil Elçin Sadıqov Azərbaycanda işgəncələrə qarşı çıxan və işgəncələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlər göndərən yeganə vəkil olub və indi də belədir:

"O, pozuntunun tanınmasını və işgəncə hallarının ictimailəşdirilməsini tələb edib. Bu mühüm və zəruri işə görə cənab Sadıqov vəzifəsindən kənarlaşdırılıb. Hazırda peşəsindən, sağlamlığından, hətta həyatından da qorxur".

Fond Elçin Sadıqovun vəziyyəti ilə bağlı məlumatlılığı artırmaq üçün Azərbaycan hakimiyyətinə məktub yazıb və hakimiyyətdən Sadıqova qarşı cinayət işinə xitam verilməsi barədə göstəriş verilməsini, Sadıqovun vəkillik lisenziyasının bərpa edilməsini tələb edib.

Vəkillər Kollegiyasından Amerikanın Səsinə bildiriblər ki, Sadıqovun kollegiyadan siyasi səbəblərlə uzaqlaşdırılması barədə dedikləri "tamamilə həqiqətə uyğun deyil, yalandır".

"Rəyasət Heyəti onun barəsində yol verdiyi qeyri-qanuni hərkətlərə görə qərar qəbul edib. Eynulla Fətillayev kollegiyaya müraciət edib. Sadıqovun özü də Eynulla Fətullayevin şikayətində yazılanları publik qaydada etiraf edib", kollegiyadan Sadıqovun bu il martın 28-də Facebook səhifəsində yazdığı statusa istinad etdiklərini bildirblər.

Eynulla Fətullayevin rəhbəri olduğu Haqqin.az saytı yazıb ki, qərar jurnalist Eynulla Fətullayevin şikayəti əsasında qəbul edilib. Elçin Sadıqovun vəkil kimi fəaliyyətinin dayandırılması sosial şəbkələrdə tənqidlə qarşılanıb.

"Xatırladaq ki, vəkil Elçin Sadıqov həbsdə olan iş adamı, "Baku Steel Company" metallurgiya zavodunun keçmiş rəhbəri Rasim Məmmədovu tənqid etməmək öhdəliyi müqabilində jurnalist Əvəz Zeynallıya 20 min manat rüşvət verməkdə təqsirli bilinib. Lakin bir neçə gün sonra Əvəz Zeynallı Rasim Məmmədovun fəaliyyətini tənqid etməkdə davam edib. Rasim Məmmədovun yaxın dostu, jurnalist Fətullayev Elçin Sadıqovla Əvəz Zeynallı arasında rüşvətin verilməsinin təfərrüatları və jurnalistin üzərinə götürdüyü öhdəliklərin müzakirə edildiyi söhbətin audio yazısını yayıb. Səs yazısı ictimailəşdikdən sonra jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov saxlanılıb. Vəkil ifadəsində jurnalistin iş adamını tənqid etməyəcəyi üçün Əvəz Zeynallıya 20 min manat rüşvət verdiyini təsdiqləyib. Lakin Zeynallı "centlmen sövdələşməsini" pozub. Hadisədən dərhal sonra jurnalist Eynulla Fətullayev Vəkillər Kollegiyasına müraciət edərək peşə fəaliyyətini kobud şəkildə pozan vəkil Sadıqovun barəsində tədbir görülməsini istəyib", xəbərdə qeyd olunub.

İctimai fəal, siyasi məhbus kimi tanınmış İlkin Rüstəmzadə bildirib ki, Elçin Sadıqov ölkədə insan haqlarını müdafiə edən sonuncu vəkillərdən biridir.

"Ona qarşı bu addımı qınayıram və Elçin bəyin Vəkillər Kollegiyasına geri qaytarılmasını tələb edirəm!" o, Facebook səhifəsində qeyd edib.

Hüquq müdafiəçisi, siyasi məhbus kimi tanınan Anar Məmmədli Amerikanın Səsinə bildirib ki, Elçin Sadıqovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması onun insan hüquq və azadlıqlarının müdafiəsində fəallığı ilə bağlıdır.

"Müstəqil vəkillərin təqib olunması, sıxışdırılması və vəkillik fəaliyyətindən uzaqlaşdırılması ölkədə müstəqil məhkəmə-hüquq sisteminin olmadığını göstərir. Elçin Sadiqovun siyasi motivlərlə Vəkillər Kollegiyasından uzaqlaşdırılması ölkəmizin üzv olduğu müvafiq beynəlxalq qurumlar qarşısında öhdəliklərini pozması, qanunun aliliyi, hüquqi yardım və müstəqil vəkillik prinsiplərindən geri çəkilməsi deməkdir. Belə bir sistemdə Vəkillər Kollegiyası müstəqil vəkillərin cəzalandırılmasında müstəsna rol oynadığı üçün bu qurum heç bir beynəlxalq platformada mötəbər, müstəqil və gerçək vəkillər təşkilatı kimi qəbul edilə, əməkdaşlığa cəlb edilə bilməz. Tezliklə bütün beynəlxalq qurumlar Vəkillər Kollegiyası ilə saxta əməkdaşlığı dayandırmalıdır”, o qeyd edib.

Məmmədli hesab edir ki, hazırda ölkənin bütün insan hüquqları vəkilləri arasında həmrəyliyə və vəkillik institutunun müstəqilliyinin qurulması uğrunda fəallığına ehtiyac var.

Hüquqşünas Xalid Ağaliyev hesab edir ki, Sadıqovun vəkillikdən uzaqlaşdırılması insan haqları sahəsində çalışan hüquqşunaslara "göz dağı" verilməsidir:

"Ümid edək ki, bu qanunsuzluq, özbaşınalıq tezliklə aradan qaldırılacaq", o qeyd edib.

İyulun 6-da Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında vəkillər barəsində başlanılmış 22 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə töhmət verilmiş, 1 vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılmış, 3 vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərər qəbul olunub.

Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilən vəkillərdən biri Elçin Sadıqovdur.

Sadıqov əsasən ölkədə media azadlığı, insan hüquqları və işgəncələrlə bağlı cinayət işlərində insanların hüquqlarını müdafiə etməsi ilə tanınır.

Sadıqov Amerikanın Səsinə bildirib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı siyasidir.

XS
SM
MD
LG