Birləşmiş Ştatlarda keçən həftə Konqres seçkiləri respublikaçıların böyük qələbəsi ilə başa çatdı. Azərbaycanlı amerikalı biznesmen Pol Murad Konqresdə qüvvələr balansının dəyişməsi, demokrat partiyasının növbəti addımları və öz siyasi planlarından danışır.
Seçkilərdən sonra ABŞ prezidenti Barak Obama Konqresin Nümayəndələr Palatasında nəzarəti ələ almış respublikaçılarla birgə işləməyə söz verdi. İndi qarşıda duran sual budur: prezident və respublikaçılar seçiciləri maraqlandıran iqtisadiyyat, yeni iş yerləri və səhiyyə xidmətləri başlıca məsələləri birlikdə necə həll edəcəklər.
“Fikrimcə, seçkilər onu göstərdi ki, insanlar problemlərdən yorulub və iki partiyanın birlikdə bu problemləri həll etməsini istəyir, demokratlar da bunu başa düşür. Seçkinin nəticələrindən biri o oldu ki, 2012-ci ildə seçicilərin demokratlara daha çox diqqət verməsi üçün daha artıq iş görmək lazımdır.”
Nevada ştatı ABŞ-da işsizlik səviyyəsi və daşınmaz əmlak bazarında böhranlı vəziyyətə görə ən çox narahatlıq doğuran ştatlardan biridir. Pol Murad ştatın iqtisadiyyatını bərpa etmək üçün planlardan danışır.
“Nevada iqtisadi tənəzzülün təsirinə ən çox məruz qalan ştatlardan biridir. İşsizlik səviyyəsi burada 15 faiz təşkil edir. Mən hələ keçən il kampaniyaya başlamazdan əvvəl işsizlik səviyyəsi 7 faiz təşkil edəndə qabaqcadan demişdim ki, əgər heç bir yenilik tətbiq edilmədən köhnə qayda ilə işləsək bu rəqəm gəlib 15 faizə gəlib çatacaq. İqtisadi sahələrdə divertifikasiya məsələsi də problem olaraq qalır. Nevada ştatında demorkatların liderlərindən biri Herri Rid öz yerini saxlaya bildi və biz ümid edirik ki, o, Nevadanın iqtisadi tənəzzüldən çıxması üçün lazımi işlərin görülməsində düzgün istiqamət götürəcək. Mənim Nevada ştatının qubernator müavini vəzifəsinə seçilmək üçün kampaniya aparmağımın əsas səbəbi burada yeni insanlara ehtiyacın olması ilə izah edilirdi. Düzdür, mən qələbə çala bilmədim, bu, mənim ilk kampaniyam idi, rəbiqim isə artıq illərdir bir vəzifədən o birinə seçilir və siyasətçilər ailəsindən çıxmışdı. Asan deyildi, son gününə qədər çox gərgin kampaniya gedirdi. Amma mən bunun dərslərini öyrəndim və daha uğurlu gələcək üçün daha yaxşı hazırlaşa bilərəm.”
Əslən Bakıdan olan Pol Murad bu il Nevada ştatında qubernator müavini seçkilərində öz namizədliyini irəli sürmüş, lakin ilkin seçkilərdə üçüncü yerə çıxmışdı. O, Nevada ştatı və Las Veqas şəhərində ictimai fəaliyyətini davam etdirir və gələcəkdə yenidən siyasi arenaya qayıtmaq planlarından danışır.
“Mənim həmişə Nevada ilə bağlı biznes sahəsində planlarım var. Mən ciddi şəkildə gələcəkdə siyasi arenaya qayıtmağı düşünürəm. İnsanlar da söhbətlərdə mənim vəzifəyə seçilmək üçün mübarizə meydanına qayıtmalı olduğumu deyirlər. Hələlik bir qədər tezdir, amma mən Las Veqasın meri vəzifəsinə seçilmək üçün kampaniya aparmağı düşünürəm. Bu, yenə də gərgin mübarizə olacaq. Çünki LasVeqasın indiki meri artıq üçüncü müddət, yəni 12 ildir bu vəzifəni tutur. Lakin onun vəzifədə müddəti bitir və bu yer vakant olacaq. Fikirləşirəm. Hər halda 2012-ci il, ya da 2014-cü ildə yenidən qubernator müavini seçkilərinə qatılmağı düşünürəm. Burada bilirəm ki, mənim təcrübəm işə kömək edəcək. Qeyd etmək istəyirəm ki, Nevada ştatının qubernatoru məni Daşınmaz Əmlak Komissiyasının üzvü seçib. Bu, ştatda çox böyük sahə olan daşınmaz əmlak bazarında ciddi qərarlar verən bir qurumdur. Nevadada bu yeri tutmaq üçün çox sayda qabiliyyətli insan var və mən seçildiyimə görə böyük qürur duyuram. Üç il müddətinə seçilmişəm və ilk iclasımız gələn həftə olacaq.”
Pol Murad Azərbaycanla Nevada ştatı arasında biznes sahəsində planları olduğunu dedi. O, kampaniya apardığı zaman ona dəstək vermiş Azərbaycan-türk icmasına təşəkkürünü də bildirdi.
“Kampaniya apardığım zaman Nevadaya yeni şirkətlərin cəlb olunması haqda danışırdım və bu şirkətlərin müəyyən edilməsi üzərində işləyirdim. Bu istiqamətdə işi davam etdirib, Azərbaycanla iş apara biləcəyimiz şirkətləri müəyyən etməklə məşğul olmaq istəyirəm. Azərbaycandan ayrı-ayrı şəxslər və biznes şirkətlərini Nevadada iqtisadi inkişaf layihələrinə cəlb etmək üzərində düşünürəm. Bu, Azərbaycana, həm də Türkiyəyə aiddir. Onu da qeyd etmək istəyirəm ki, mənim kampaniya apardığım zaman Azərbaycan və türk icmalarının nümayəndələri mənə böyük dəstək verdilər. Mən Nevadada rəsmi vəzifəyə keçmək üçün siyasi mübarizəyə qoşulan ilk azərbaycanlı və türk mənşəli namizəd idim və mənə böyük dəstək verildi. Bilirsiniz, Nevadadan ABŞ Senatınaa seçilən namizədlər arasında Deni Tarkeniyan da var idi. O başqa namizəd Şeron Enqlə məğlub oldu, lakin kampaniya zamanı erməni icması ona milyonlarla dollar ianə etmişdi. Biz namizədlərin dəstəklənməsində onlardan az əliaçıqlıq göstərmirik, sadəcə gələcəkdə öz maraqlarımızın dəstəklənməsində daha yaxşı təşkilatlanmalıyıq demək istəyirəm. Mən də gələcəkdə daha yüksək və daya yaxşı səviyyədə təmsil olunmaq üçün ABŞ-da olan təşikilatlarla birlikdə işləmək istəyirəm.”