ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın Ukraynaya qarşı müharibədə məqsədlərində “çoxdan uğursuzluğa düçar olduğunu” və Kyivin hazırda əks-hücumda Moskva tərəfindən bundan əvvəl ələ keçirilən mühüm əraziləri geri aldığını deyib. Lakin o, eyni zamanda, qarşıdakı aylarda uzun, “çox çətin mübarizə” olacağı ilə bağlı xəbərdarlıq edib.
“Məqsəd Ukraynanı xəritədən silmək, onun müstəqilliyini, suverenliyini aradan qaldırmaq, Rusiyanın tərkibinə qatmaq idi. Bu, çoxdan uğursuz oldu”, Blinken iyulun 23-də CNN tele kanalına müsahibədə deyib.
“Ruslardan fərqli olaraq, ukraynalılar öz torpaqları, gələcəkləri, ölkələri, azadlıqları üçün vuruşurlar”, Blinken bildirib.
Lakin o, artıq 500 gündən çoxdur sürən müharibənin ən azı “bir neçə ay” davam edə biləcəyini deyib.
Blinken Ukraynanın əks-hücumunda uğur qazandığını, lakin irəliləyişin asan olmayacağı ilə bağl xəbərdar edib.
“[Ukrayna] artıq ilkin olaraq ələ keçirilənlərin təxminən 50 faizini geri alıb”, Blinken ətraflı məlumat vermədən deyib. “Bunlar hələ əks-hücumun nisbətən erkən günləridir”, o əlavə edib.
“Bu, gələn həftə və ya növbəti iki həftə ərzində baş verməyəcək. Düşünürəm ki, hələ bir neçə ay olacağını gözləyirik”, Blinken bildirib.
Bir sıra qərbli müşahidəçilər əvvəldə Kyievin çoxdan gözlənilən əks-hücumunda Rusiya qüvvələrinin ölkənin şərqində və cənubunda işğal olunmuş regionlarından tez bir zamanda təmizlənə biləcəyinə dair nikbinliyini ifadə etmişdilər, lakin bir çoxları bu prosesin gözləniləndən daha çətin olduğunu irəli sürürdülər.
İyunun sonunda prezident Volodimir Zelenski Rusiya qüvvələrinə qarşı irəliləyişin “istənildiyindən daha yavaş” olduğunu, lakin Kyivə daha sürətli hərəkət etmək üçün təzyiq edilməyəcəyini bildirib.
Bu açıqlamalar Ukraynanın şərqində və cənubunda döyüşlərin davam etdiyi, o cümlədən Rusiya qüvvələrinin mülki obyektlərə hücumlarının artırdığı bir vaxt verilir.