Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Azərbaycanda Milli Mətbuat Gününün 148-ci ildönümü ərəfəsində ölkədə medianın, söz azadlığının durumu ilə bağlı Amerikanın Səsinə müsahibə verib.
Amerikanın Səsi: İyulun 22-də Azərbaycanda Milli Mətbuat Gününün 148-ci ildönümü qeyd ediləcək. Azərbaycan mediası bu il bayramını hansı çağırışlarla qarşılayır?
2022-ci ildə Azərbaycan mediasının reklam bazarının həcmi cəmi 16 milyon manat olub. Onun da 15 milyon manatı televiziya kanalarının payına düşür.
Mehman Əliyev: Azərbaycan mediasının durumu yaxşı deyil. İqtisadi dayaqlardan danışmağa başlasaq, son statistik məlumatlara görə 2022-ci ildə Azərbaycan mediasının reklam bazarının həcmi cəmi 16 milyon manat olub. Onun da 15 milyon manatı televiziya kanalarının payına düşür. Çap və onlayn medialarının gəlirləri iki dəfə aşağı düşüb. Ümumdaxili məhsulda medianın reklam bazarının həcmi azalıb, yəni ümumdaxili məhsulda payı 0,15 faizdən 0,12 faizə qədər aşağı düşüb. Bu çox azdır. Yəni beynəlxalq standartlara görə medianın reklam bazarı ümümdaxili məhsulun 1 faizini təşkil etməlidir. Azərbaycanın 2022-ci ildə ümümdaxili məhsulu 133 milyard manat olub. Bunun 1 faizi 1 milyard 330 milyon manat edir. Bu onu göstərir ki, Azərbaycan mediasının inkişafı üçün heç bir iqtisadi əsaslar yoxdur.
Amerikanın Səsi: Azərbaycanda uzun illərdir qətlə yetirilən jurnalist Elmar Hüseynovun, həmçinin Rafiq Tağının qatilləri və qətlin sifarişçiləri tapılmır. Sizcə jurnalistlərə qarşı edilən cinayətlərin açılmamasının səbəbləri nədir?
Jurnalistlərlə bağlı baş verən cinayətlər bizdə adətən açılmır.
Mehman Əliyev: Burada hakimiyyətin marağı var. Çünki bu məsələlərə hakimiyyətin yanaşması birmənalı deyil. Baxmayaraq ki, çağırışları olur, baxmayaraq ki, hakimiyyət tərəfindən vədlər verilir ki, tapılacaq. Amma fakt ondan ibarətdir ki, jurnalistlərlə bağlı baş verən cinayətlər bizdə adətən açılmır. Yəni demək olar ki, 99 faizi açılmır. O da göstərir ki, hakimiyyət bu məsələlərdə maraqlıdır. Mən hakimiyyət deyəndə, yəni hakimiyyətin müəyyən qollarını deyək və sair. Amma yüksək səviyyədə yanaşma onu göstərir ki, biz deyə bilərk ki, hakimiyyətin maraqları var.
Amerikanın Səsi: Azərbaycanda yeni “Media haqqında” qanun qüvvəyə minib. Beynəlxalq tənqidlərə məruz qalan bu qanunun tətbiqi media azadlığına necə təsir edib?
Qanunun real olaraq nəyəsə müsbət və ya mənfi təsirlərini hələ müşahidə etmirik.
Mehman Əliyev: Əslində mən müşahidə edirəm ki, qanunun tətbiqi yarımçıq xarakter daşıyır. Məsələn, deyək ki, müəyyən media subyektləri reyestrdən keçib və ya müəyyən media subyektləri reyestrdən keçməyib, amma fəaliyyət göstərir. Qanunun tətbiqinin hansısa bir təsirini və ya bu yöndə hansısa bir siyasəti görmürəm. Öncədən reklam bazarından, medianın iqtisadi durumundan başladım. Media İnkişaf Agentliynin əsas vəzifəsi ondan ibarətdir ki, medianın sağlamlaşdırılması prosesini aparsın. Biz bunları görmürük. Qrantlar verməkdən (onu da bilmirəm kimlərə nə qədər məbləğdə qrant verirlər) başqa işlər görünmür. Amma qanunun real olaraq nəyəsə müsbət və ya mənfi təsirlərini hələ müşahidə etmirik.
Amerikanın Səsi: Son illərdə Azərbaycanda bir sıra beynəlxalq media şirkətlərinin ofisləri bağlanıb, ölkədə internet saytlarına giriş məhdudlaşırılıb. Sizcə bunların aradan qaldırılması mümkündürmü? Media sahəsində bundan sonrakı inkişafları necə görürsünüz?
Medianın iqtisadi əsasları yoxdursa media azadlığı və medianın inkişafı ola bilməz.
Mehman Əliyev: Mən yenə də qayıdıram medianın iqtisadi əsaslarına, medianın iqtisadi əsasları yoxdursa media azadlığı və medianın inkişafı ola bilməz. Medianın iqtisadi durumunun göstəriciləri, son 20 ildə duruma baxsaq eyni vəziyyətdir. O da göstərir ki, bu proses hakimiyyət tərəfindən idarə olunur. Hakimiyyət maraqlı deyil ki, Azərbaycanda iqtisadi nöqteyi-nəzərdən müstəqil media olsun və inkişaf etsin. Bunun bir yolu var ki, Azərbaycanda hakimiyyət mediaya qarşı siyasəti dəyişməlidir. Hakimiyyət maraqlı olmalıdır ki, Azərbaycanda azad media institutu yaransın, azad söz inkişaf etsin. Onda hər şey düzələcək. Onda beynəlxalq medialar da ölkəyə gələcək, yerli medialar da inkişaf edəcək. Nə qədər çox səslər iştirak edirsə, media bir o qədər zəngindir, o qədər Azərbaycanın maraqlarına uyğun gəlir. Amma indiki vəziyyətdə bu mümkün deyil. Bunun səbəbini elə onda axtarmaq lazımdır ki, hakimiyyət belə bir mühitin yaranmasında maraqlı deyil.
Qeyd: Azərbaycan rəsmiləri ölkədə media azadlığının tam təmin edildiyini, mediaya dövlət dəstəyinin olduğunu bəyan edir. Belə ki, rəsmi Bakı hər il media qurumlarına dövlət tərəfindən maliyyə yardımı ayrıldığını və çoxsaylı jurnalistlərə dövlət hesabına mənzillər verildiyini bildirir. Bununla yanaşı ölkədə bir çox media qurumlarının, o cümlədən Azadlıq radiosunun fəaliyyəti dayandırılıb. Məhkəmələr bir sıra media qurumlarının internet səhifələrinə girişin məhdudlaşdırılması barədə qərarlar qəbul edib. Media haqqında” yeni qanuna Avropa Şurasının Venesiya Komissiyası mənfi rəy verib.