Litva paytaxtı Vilnüsdə keçən həftə keçirilən NATO sammiti çərçivəsində prezident Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşdə ABŞ prezidenti İsveçin NATO-ya üzv olmasına razılıq verdiyinə görə prezident Ərdoğana təşəkkür edib. Bayden tarixi sammit adlandırdığı Vilnüs zirvəsinin NATO-nun müdafiəsinə dair öhdəliyə sadiqliyi bir daha təsdiq etdiyini vurğulayıb. Ekspertlər prezident Ərdoğanın İsveçin alyansa qəbul edilməsinə razılıq verməsi ilə Türkiyənin ABŞ istehsalı olan F-16 təyyarərlərinin satışı ilə bağlı tələbinin yenidən gündəmə gəldiyini qeyd edir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan prezident Baydenin F-16 təyyarərlərinin Türkiyəyə təhvil verilməsinə və ABŞ-ın Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı istəklərinə dəstək verdiyini bildirib. Vaşinqtonda Brukinqs İnstitutunun təhlilçisi Aslı Aydıntaşbaş Amerikaın Səsi ilə müsahibədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammiti çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşü, Türkiyə-NATO və Türkiyə-ABŞ əlaqələrini şərh edib.
Amerikanın Səsi: Prezident Co Bayden NATO zirvəsi çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə İsveçin NATO-ya üzv olmasına razılıq verərkən diplomatiya və cəsarətə görə prezident Ərdoğana təşəkkürünü bildirib. Bayden bu zirvəni tarixi sammit adlandırıb və İsveçin alyansa qəbul edilməsinə razılıq verməsi ilə prezident Ərdoğanın bu zirvə görüşünü “daha da tarixi etdiyini” deyib. Prezident Ərdoğan prezident Baydenlə bu görüşlə iki ölkə arasında münasibətlərdə “yeni dönəmin başlandığını” bildirib. Prezident Ərdoğanın bu qərarı və NATO zirvəsində iki lider arasında bu görüşün ABŞ-Türkiyə münasibətləri üçün hansı əhəmiyyəti var?
Aslı Aydıntaşbaş: Türkiyənin Qərblə, xüsusilə də Amerika Birləşmiş Ştatları ilə münasibətləri uzun müddətdir ki pis idi. Son bir neçə ildə yüksəliş və eniş olub. Bu, Tramp dövründə də belə idi. Daha sonra Bayden dövründə də münasibətlər çox soyuq şəkildə başladı. Amma Türkiyədəki seçkilərdən sonra Qərbdə yeni anlayış, yeni yanaşma var. Türkiyədə də yeni bir anlayış və yanaşma var. Türkiyə Qərblə münasibətlərini düzəltmək istəyir. NATO ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Bəli, [Türkiyə ]balans siyasətini davam etdirəcək. Yəni Rusiya ilə əlaqələri davam etdirəcək. Lakin bu balans siyasəti qeyri-sabit şəkil almışdı. Yəni Rusiyaya çox tabe olub, Rusiyaya yaxınlaşmışdı. İndi Ərdoğan və onun yeni kabinet, yeni komandası Türkiyənin NATO, Qərb və Avropa ilə, ABŞ və Bayden administrasiyası ilə münasibətlərini düzəltmək istəyir. Bu baxımdan sammit mühüm əhəmiyyət kəsb edir.
Bunun müqabilində Qərb də artıq Türkiyə ilə daim münaqişədə olmaq istəmir. Ərdoğan seçkidə daha 5 il müddət üçün qələbə əld etdi. Türkiyə NATO-nun əhəmiyyətli bir ölkəsidir. NATO-nun ikinci ən böyük ordusuna malikdir. Eyni zamanda, Rusiyanın, Qafqazın yaxınlığındadır, Qara dəniz və Suriyanın şimalındadır. Bir çox fərqli səbəbə görə [Qərb] Türkiyə ilə daha funksional, daha yaxşı ünsiyyətə əsaslanan, daha effektiv münasibətlər istəyir. Bəli, bu NATO zirvəsi İsveçlə bağlı qərar baxımından vacib idi, amma hesab edirəm ki, həm Türkiyə, həm də ABŞ üçün kalibrləmə, yenidən tənzimləmə baxımından da son dərəcə vacib idi.
Amerikanın Səsi: Prezident Ərdoğanın İsveçin alyansa qəbul edilməsinə razılıq verməsinin ardınca Türkiyənin ABŞ istehsalı olan F-16 təyyarərlərinin satışı ilə bağlı tələbi yenidən gündəmdədir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan prezident Baydenin F-16 təyyarələrinin Türkiyəyə təhvil verilməsinə və eləcə də ABŞ-ın Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı istəklərinə dəstək verdiyini bildirib. Bu məsələnin necə çözülə biləcəyini gözləyirsiniz?
Aslı Aydıntaşbaş: Türkiyə ilə ABŞ arasındakı əlaqələr həmişə müdafiə sənayesi ilə bağlı olub. Bunun əsasında, mərkəzində hər zaman müdafiə sahəsində əməkdaşlıq olub və son 6-7 ildə fərqli olan 2016-2017-ci illərdən müdafiə sənayesi, yəni silahların miqyası, silah sahəsində birgə əməkdaşlıq, müdafiə sənayesində əməkdaşlığın az qala ortadan qalxması olmasıdır.
İndi mənim fikrimcə, hər iki tərəf bunu düzəltmək istəyir. F-16-lar İsveçlə bağlı danışıqların mərkəzində idi. F-16-ların satışı ilə bağlı ABŞ-ın Türkiyəyə zəmanət verdiyini görürük. Və Türkiyənin Yunanıstanla münasibətləri yaxşılaşdırmaq üçün zəmanət verdiyini görürük. Bütün bunlar Konqresi, yəni indiyə qədər F-16 satışının əleyhinə olan Konqresi inandırmaq üçün vacib idi və mən hesab edirəm ki, Konqresdən pərdə arxasında gələn, Ərdoğanın razılıq verməsində Konqresdən gələn siqnallar böyük əhəmiyyət kəsb edirdi. Düşünürəm ki, bu satış F-35 [təyyarələrinin] Yunanıstana satışı ilə eyni vaxtda olacaq və Türkiyə-Yunanıstan münasibətlərində də bir yüngülləşmə yaradacaq.
Amerikanın Səsi: NATO zirvəsindən öncə prezident Ərdoğan İstanbulda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə Ukraynanın NATO-ya üzvlüyünə dəstəyini bildirib. Türkiyə prezidentinin bu açıqlamaları, bunun ardınca NATO zirvəsində İsveçə dəstəyi Moskvada narazılıqla qarşılanıb. Türkiyənin bu qərarları Ankaranın Qərblə yaxınlaşması və Rusiyadan uzaqlaşması kimi qəbul edilə bilərmir? Türkiyə və Rusiya arasında münasibətlərdə hansı dinamikanın olacağını düşünürsünüz?
Aslı Aydıntaşbaş: Düşünürəm ki, Türkiyə balans siyasətini davam etdirəcək. Yəni, bu gün NATO ilə [münasibətlər] yaxşıdır. Mən prezident Ərdoğanın Putinlə də görüş keçirməyə çalışacağını düşünürəm. Türkiyə balans siyasətindən əl çəkməyib. O, Rusiya ilə Qərb arasında balans yaratmağa çalışır. Yəni NATO-nun bu sammiti Türkiyənin Qərbə tələsik qayıdışı kimi oxunmamalıdır. Halbuki [Türkiyə] üzünü bir az daha çox Qərbə çevirir, bir az daha çox Qərbə tərəf dönür, 50-50 deyil, bəlkə də 60-40 nisbətində çevrilir.
Bəli, Rusiya razı qalmayıb. Zelenski ilə Türkiyə arasında keçən həftəsonu görüşdən, xüsusilə də İstanbulda olan ukraynalı Azov komandirlərinin Zelenskinin təyyarəsində Ukraynaya qayıtmasından narazıdır. Lakin Rusiya əvvəlki kimi güclü mövqedə deyil. Hazırda Rusiya daha zəif görünür. Ukraynada hərbi baxımdan böyük uğur qazana bilməyib və biz Vaqner hadisələrindən də bilirik ki, daxildə də kövrək vəziyyət mövcuddur. Beləliklə, Türkiyə Rusiyanın zəifliyini görür və Qərbə yaxınlaşmaq üçün hər fürsətdən istifadə edir.
Amerikanın Səsi: Türkiyə və Azərbaycan son illərdə, xüsusilə də 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra münasibətləri daha da gücləndiriblər. İki ölkə arasında dostluq və strateji müttəfiqlik əlaqələri daha da genişlənib. Ekspertlərin fikrincə, Rusiyanın hazırda Ukraynada müharibəni davam etdirməsi, eləcə də Vaqner qrupunun qiyamından sonra Rusiya daxilində yaranmış vəziyyət fonunda Moskvanın Cənubi Qafqaz regionunda təsir qüvvəsi azalır, eyni zamanda, Ankaranın bölgədə rolu artır. Türkiyə regionda hansı siyasi kursu davam etdirəcək?
Aslı Aydıntaşbaş: Təbii ki, Türkiyə Qafqazda Azərbaycana çox yaxındır və bu əlaqələr təkcə siyasi deyil, həm də iqtisadi-siyasi və strateji baxımdan getdikcə genişlənməkdə davam edir. Eyni zamanda, Türkiyə Qafqazda sülh səylərinə də dəstək verir. Amerika Birləşmiş Ştatları da Qafqazda sülhü dəstəkləyir. Yəni bu, təkcə Türkiyə və Azərbaycan arasında münasibətlər olaraq qiymətləndirilməməlidir. Türkiyənin Ermənistan və Gürcüstanın da daxil olduğu geniş Qafqaz sülhü çərçivəsində regionda təsiri arta bilər, Azərbaycanla münasibətləri daha da inkişaf etdirilə bilər. Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yaxşı olması Türkiyənin Ermənistan və ya Gürcüstanla [münasibətlərinin] pis olması anlamına gəlməməlidir. Əslində, növbəti prosesdə ən mühüm məsələ Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının ən qısa zamanda yekunlaşması və regionda Gürcüstanı da əhatə edən böyük iqtisadi və təhlükəsizlik blokunun əldə olunmasından ibarətdir. Azərbaycan və Ermənistan arasında sülh regionda Türkiyə üçün də faydalı olacaq. Bu, Azərbaycanla Türkiyə arasında əlaqələrin kəsilməsi demək deyil. Amma bir gün Ermənistanla Türkiyə arasında da münasibətlər normallaşmalı, sərhədlər açılmalı və region böyük iqtisadi rifah zonasına çevrilməlidir.