Accessibility links

Məhkəmə Şahin Novruzluya 20 min manat təzminat ödənilməsinə qərar verib


NİDA Vətəndaş hərəkatının üzvü Şahin Novruzlu
NİDA Vətəndaş hərəkatının üzvü Şahin Novruzlu

Nəsimi Rayon Məhkəməsi NİDA Vətəndaş Hərəkatının keçmiş üzvü Şahin Novruzluya həm maddi, həm də mənəvi zərərə görə kompensasiya ödənilməsi ilə bağlı qərar qəbul edib. Bu barədə hüquqşünas Xalid Ağaliyev məlumat verib:

"Qətnaməyə görə, hökumət gənc fəala həbsdə olduğu hər ay üçün 1000 manat, ümumilikdə isə 20 min manat mənəvi zərər əvəzi ödəyəcək. Novruzlu 2013-cü ildə saxlanılarkən onların evindən 94 min manat nağd pul vəsaiti götürülmüş, məhkəmənin iş üzrə yekun hökmü ilə həmin vəsait müsadirə edilmişdi. Nəsimi Məhkəməsi maddi ziyan olaraq, həmin vəsaitin (eləcə də ərizəçinin dollar hesabındakı vəsaitin) Novruzluya geri ödənilməsinə qət edib".

Hüquqşünas bildirib ki, ərizəçi həmin qətnamədən şikayət etməyib, ancaq qətnamədə göstərilən məbləğləri ödəməli olan Maliyyə Nazirliyi apellyasiya şikayəti verib, həmin şikayət üzrə yekun qərar iyulun 18-də elan edilməlidir.

"Novruzluya maddi və mənəvi zərər əvəzi ödənilməsi ilə bağlı qeyd edilən prosedurlar Avropa Məhkəməsinin onunla bağlı çıxardığı qərarın icrası kontekstində həyata keçirilir", deyə Ağaliyev bildirib.

Nə baş verib?

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA Vətəndaş Hərəkatı fəalları Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə), 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə ittiham olunub.

Fəallar prezident sərəncamı ilə 2016-cı ildə əfv olunub. Onlar həbslərinin siyasi və ictimai fəalliyətlərinə görə olduğunu qeyd ediblər.

“Amnesty İnternational” təşkilatı fəalları "vicdan məhbusu" kimi tanıyıb.

2021-ci ilin fevralında Avropa İnsan Hüquqları Məhkəməsi Əzizovun, eləcə də onunla birlikdə mühakimə olunmuş Şahin Novruzlunun şikayətləri üzrə qərarında hər iki ərizəçiyə münasibətdə Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulması qənatəinə gəlib. Avropa Məhkəməsi Azərbaycan hökumətinə Əzizova 20 min avro kompensasiya ödəmək öhdəliyi qoyub. Bunun ardınca, Ali Məhkəmənin Plenumu hər iki gənc fəala münasibətdə bütün daxili məhkəməmə qərarlarını ləğv edib, onlara bəraət verib.

XS
SM
MD
LG