Accessibility links

Məhkəmə NİDA Vətəndaş Hərəkatının keçmiş fəalına 66 700 manat təzminat ödənilməsinə qərar verib


Məmməd Əzizov
Məmməd Əzizov

Nəsimi Rayon Məhkəməsi NİDA Vətəndaş Hərəkatının keçmiş üzvü Məmməd Əzizova mənəvi zərər əvəzi təzminat ödənilməsi ilə bağlı qərar qəbul edib. Bu barədə vəkil Fariz Namazlı məlumat verib.

Vəkilin sözlərinə görə, Əzizovun qanunsuz həbsdə olmağına görə mənəvi zərər üçün 100 min manat kompensasiya tələbinə dair Nəsimi Rayon Məhkəməsinə müraciət edib:

"O, 3 il 10 gün ərzində qanunsuz həbsdə olub. Bu ilin mart ayında məhkəmə ona 36 min manat (həbsdəki hər ay üçün 1000 manat) kompensasiya ödənilməsinə dair qətnamə qəbul edib. Həmin qətnamədən apellyasiya şikayəti vermişdik".

Fariz Namazlı bildirib ki, Bakı Apellyasiya Məhkəməsi 10 iyul 2023-cü il tarixli qətnamə ilə apellyasiya şikayətini qismən təmin edib.

"Eyni cinayət işi üzrə Əzizovla bərabər cinayət təqibinə məruz qalmış və onunla demək olar ki, eyni müddətdə həbsdə saxlanılmış və azadlıqdan məhrum edilmiş şəxslərə mənəvi zərərə görə 66 700 manat məbləğində vəsaitin ödənilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən qəbul edilmiş qərara istinad edərək fəala da 66 700 manat kompensasiyanın ödənilməli olması nəticəsinə gəlib", deyə vəkil qeyd edib.

Nə baş verib?

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA Vətəndaş Hərəkatı fəalları Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə), 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə ittiham olunub.

Fəallar prezident sərəncamı ilə 2016-cı ildə əfv olunub. Onlar həbslərinin siyasi və ictimai fəalliyətlərinə görə olduğunu qeyd ediblər.

"Amnesty İnternational" təşkilatı fəalları "vicdan məhbusu" kimi tanıyıb.

2021-ci ilin fevralında Avropa İnsan Hüquqları Məhkəməsi Əzizovun, eləcə də onunla birlikdə mühakimə olunmuş Şahin Novruzlunun şikayətləri üzrə qərarında hər iki ərizəçiyə münasibətdə Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulması qənatəinə gəlib. Avropa Məhkəməsi Azərbaycan hökumətinə Əzizova 20 min avro kompensasiya ödəmək öhdəliyi qoyub. Bunun ardınca, Ali Məhkəmənin Plenumu hər iki gənc fəala münasibətdə bütün daxili məhkəməmə qərarlarını ləğv edib, onlara bəraət verib.

XS
SM
MD
LG