ABŞ prezidenti Co Bayden Litva paytaxtı Vilnüsdə bildirib ki, NATO-nun builki sammiti alyansın Ukraynada müharibə ilə bağlı məsələləri həll edərkən genişlənməyə hazırlaşdığı vaxt “tarixi bir məqamda”keçirilir. Türkiyə İsveçin bloka daxil olmasına razılıq verib, lakin alyans Ukraynanın üzvlüyü üçün yolun açılması məsələsində razılığa gəlsə də bunun üçün vaxt cədvəli müəyyən olunmayıb.
NATO-nun Litva paytaxtı Vilnüsdə keçirilən sammitinin ilk günündə alyans tarix göstərilmədən Ukraynanın üzv olmasını alqışlamağa razılaşıb.
Yens Stoltenberq, NATO-nun baş katibi
"Sonra da Üzvlük Fəaliyyət Planı tələbinin aradan qaldırılması barədə qərar. Bu o deməkdir ki, üzv olmaq üçün iki addım yerinə (Ukrayna üçün) indi bir addım olacaq. Və biz onu da açıqladıq ki, şərtlər yerinə yetirildikdə dəvət veriləcək”.
Stoltenberqin təklifi kompromisdir. Bəzi liderlər, o cümlədən ABŞ prezidenti Co Bayden Ukraynaya üzvlüyə sürətli yolun Rusiya ilə müharibə demək olacağından narahatdırlar.
Sammitə ev sahibliyi edən Litva da daxil olmaqla, Baltikyanı ölkələr bunun çəkindirici addım olacağına inanırlar.
Bütün iştirakçılar sammitə qatılan Ukrayna prezidenti Volodimir Zelenskiyə öz dəstəklərini bildiriblər.
Volodimir Zelenski, Ukrayna prezidenti
“Bizim müdafiəmizə göstərdiyiniz köməyə, Ukraynanın NATO-ya üzvlüyünə dəvətinizlə bağlı aydın, dürüst və cəsarətli mövqeyinizə görə sizə təşəkkür edirik”.
NATO liderləri həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda ÜDM-in ən azı 2 faizini müdafiəyə xərcləmək haqda öhdəliyini bir daha təsdiqləyiblər. Moskvanın təcavüzü ölkələri ittifaqa qoşulmağa sövq edib və tezliklə alyans 32 dövlətdən ibarət bloka çevrilir.
ABŞ prezidenti Co Bayden: “Bu, tarixi məqamdır, Finlandiya və İsveçin NATO-ya daxil olması vacibdir”.
İsveçin qəbulu məsələsi ittifaqın üzvü olan Türkiyənin etirazlarını geri götürməsindən sonra təmin edildi. Buna qismən Baydenin Ankaranın uzun müddətdir əldə etmək istədiyi ABŞ istehsalı olan F-16 qırıcılarının satışını təşviq etməyə razılaşması səbəb olub.
İsveç Türkiyənin Avropa İttifaqına üzv olmaq istəyini dəstəkləməyə razılaşıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: “İnanıram ki, indi dövlət başçıları səviyyəsində strateji mexanizm çərçivəsində məsləhətləşmələrin vaxtı çatıb və bu gün NATO zirvəsi çərçivəsində keçirilən bu görüşü buna doğru ilk addım kimi görürəm”.
NATO sammiti çərşənbə günü başa çatıb və prezident Bayden Skandinaviya liderləri ilə görüşmək üçün Helsinkiyə səfər edib.