Accessibility links

Blinken ABŞ və Çin arasında birbaşa dialoqun zəruriliyini vurğulayır


ABŞ Dövlət katibi Antoni Blinken bazar ertəsi Pekində iki güc arasında münasibətləri sabitləşdirmək məqsədi daşıyan səfərinin ikinci və sonuncu günü Çin prezidenti Şi Tsinpinlə görüşüb.

Pekində jurnalistlərə açıqlama verən Blinken bazar ertəsi Çin prezidenti Si Cinpin və yüksək çinli diplomat Vanq Yi ilə səmimi və əsaslı müzakirələr apardığını deyib.

Blinken Pekində mətbuat konfransı zamanı deyib: "Mən ABŞ-ın yüksək səviyyəli rəsmilərinin yaxın həftələrdə Çinə əlavə səfərlərini gözləyərdim. Vaşinqton Çin rəsmilərinin ABŞ-a gələcək səfərlərini alqışlayır. Şi Tsinpin də öz növbəsində danışıqlardan razı qaldığını bildirib.

Blinken jurnalistlərə deyib ki, o, Sincan, Tibet və Honq-Konqda insanlara qarşı rəftarla bağlı beynəlxalq narahatlıqlar da daxil olmaqla, insan haqları məsələlərini də gündəmə gətirib.

Blinken həmçinin bildirib ki, Birləşmiş Ştatlar Çinlə qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlığa hazırdır. Onun sözlərinə görə, bunlara iqlim dəyişikliyi, makroiqtisadi sabitlik, ictimai sağlamlıq, ərzaq təhlükəsizliyi və narkotiklərlə mübarizə daxildir.

Görüş baş tutmazdan təxminən bir saat əvvəl ictimaiyyət üçün təsdiqlənub və 35 dəqiqə davam edib.

"Prezident Bayden məndən Pekinə getməyi xahiş etdi, çünki o, ABŞ və Çinin münasibətlərini idarə etmək öhdəliyi və məsuliyyəti olduğuna inanır. Birləşmiş Ştatlar buna sadiqdir. Bu, ABŞ-ın, Çinin və dünyanın maraqlarına xidmət edir" - deyə, Blinken bildirib.

Blinken 2018-ci ildən bəri Çinə səfər edən ən yüksək səviyyəli ABŞ rəsmisidir. Onun səfəri fevral ayından Çinin müşahidə şarının ABŞ hava məkanından keçməsindən sonra təxirə salınıb.

Dövlət katibi bazar ertəsi əvvəl Çinin baş diplomatı Vanq Yi ilə Dövlət Departamentinin "səmimi və məhsuldar" adlandırdığı üç saatlıq görüş keçirib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller Blinken və Vanqın "bir sıra ikitərəfli və qlobal məsələlərə toxunduqlarını", həmçinin "ortaq transmilli problemlər üzrə əməkdaşlığı araşdırmaq imkanlarını" müzakirə etdiklərini deyib.

"Dövlət katibi rəqabətin münaqişəyə çevrilməməsini təmin etmək üçün açıq kommunikasiya kanalları vasitəsilə Birləşmiş Ştatlar və ÇXR arasında rəqabəti məsuliyyətlə idarə etməyin vacibliyini vurğulayıb. O təkrar edib ki, Birləşmiş Ştatlar narahatlıq doğuran sahələri gündəmə gətirmək və Amerika xalqının maraqları və dəyərlərini müdafiə etmək üçün diplomatiyadan istifadə etməyə davam edəcək", Miller deyib.

Çin Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, Vanq Blinkenə görüşün ABŞ-Çin münasibətlərində kritik bir vaxta təsadüf etdiyini və "aşağıya doğru gedən spiralın geri qaytarılmasının" vacibliyini vurğulayıb.

Vanq deyib ki, iki ölkə arasında münasibətlərin sabitləşməsi üçün ən mühüm amil qarşılıqlı ehtiramdır. Tayvanla bağlı Vanq bildirib ki, Birləşmiş Ştatlar Tayvanın müstəqilliyinə qarşı çıxmalıdır və Çinin bu məsələdə güzəştə getməyə yeri yoxdur.

Vaşinqton Çinin Tayvan boğazında hərbi eskalasiyasının "qlobal narahatlıq doğurduğunu" bildirib. Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi Amerikanın Səsinə bildirib ki, Tayvan boğazında sülh və sabitliyin qorunması ABŞ-ın "daimi marağıdır". Çinin prezident seçkiləri ərəfəsində Tayvanı hədəf alan iqtisadi təzyiqləri gücləndirdiyi müşahidə edilir.

Birləşmiş Ştatlar onilliklər ərzində birmənalı olaraq bildirib ki, 1979-cu ildə Çinlə diplomatik əlaqələr qurmaq qərarı Tayvan Münasibətləri Aktında nəzərdə tutulduğu kimi, "Tayvanın gələcəyinin sülh yolu ilə müəyyən ediləcəyi" gözləntisinə əsaslanıb.

Blinkenə ünvanlanan məktubda 42 qeyri-hökumət təşkilatı ABŞ diplomatını dinc etirazlarda iştirak edən insanlara qarşı repressiyalara istinad edərək, Çin hökumətini insan haqlarının pozulmasına görə məsuliyyətə cəlb etməyə çağırıb.

XS
SM
MD
LG