İsveçrəli seçicilər iyunun 18-də korporasiyalara tətbiq ediləcək qlobal minimum vergi, fossil yanacağın azaldılması və 2050-ci ilə qədər sıfır emissiya hədəfi üçün səsvermədə iştirak ediblər.
Nəticələrə əsasən bazar günü keçirilən milli referendumda səs verənlərin 79 faizi ölkənin korporativ verginin hazırkı 11 faizdən 15 faizə qaldırılmasının lehinə səs verib. O cümlədən səs verənlərin 59 faizi iqlim qanununu dəstəkləyib.
İsveçrə 2021-ci ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının böyük şirkətlərə tətbiq ediləcək minimum vergi dərəcəsi ilə bağlı təklifini qəbul etmiş təxminən 140 ölkənin sıralarına qoşulub.
Hətta bu artımla belə İsveçrə dünyanın ən aşağı korporativ vergi dərəcəsi olan ölkələrindən biri olacaq. Ölkəyə təxminən ildə 2.8 milyard dollar gəlir gətirəcək bu addım biznes qrupları, siyasi partiyalar və geniş ictimaiyyət tərəfindən dəstəklənib.