Accessibility links

Azərbaycanda taksi bazarı - qiymətlər və mövqelər


Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev nəqliyyat sektoru ilə bağlı qanunvericilikdəki dəyişikliklər barədə Milli Məclisdə çıxışında taksi xidmətlərinin qiymətlərinin artırılacağını bildirib.

Nazirin sözlərinə görə son iki onillikdə 20.000 kilometrə yaxın avtomobil yolları, dəmir yolları tikilib və ya bərpa edilib, yeni hava limanları istifadəyə verilib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı gəmiqayırma zavodu yaradılıb.

Bununla birlikdə, nazir institusional idarəetmənin səmərəliliyinin artırılmasına, institusional islahatlara və infrastruktur investisiyalara baxmayaraq tənzimləmə boşluqlarının aşkar edildiyini deyib.

Onun fikrincə, çatışmazlıqlar ilk növbədə şəhərlərarası və beynəlxalq sərnişin və yük daşımalarında, həmçinin avtovağzal və taksi xidmətlərinin təşkilində müşahidə olunur.

O, sərnişin və yük daşımaları, habelə taksi ilə sərnişin daşımaları üçün müvafiq icazələrin olması tələbinin, ictimai nəqliyyat vasitələrindən istifadə edərək daxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin, taksi minik avtomobillərinin sürücülərinin məcburi xüsusi hazırlığının vacibliyini qeyd edib.

Nazir qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi mövcud problemləri hərtərəfli araşdırmaq üçün konsaltinq şirkətlərinin iştirakı ilə kompleks araşdırmalar aparıb.

Tədqiqat bir neçə problemi müəyyənləşdirib: “Bakıda min nəfərə düşən taksilərin sayı müqayisə edilən şəhərlərə nisbətən 4-5 dəfə çoxdur ki, bu da tıxaclara və ekoloji problemlərə səbəb olur. Sürücülər həddindən artıq uzun müddət, gündə 14-16 saat işləyir ki, bu da təhlükəsizlik riski yaradır və əmək qanunvericiliyini pozur. Taksi fəaliyyəti ilə məşğul olan taksilərin 50 faizdən çoxunun xidmət müddəti 15 ildən çoxdur, bu da ətraf mühit və təhlükəsizlik üçün təhlükə yaradır. Taksilər şəxsi avtomobillərlə müqayisədə gündə əhəmiyyətli dərəcədə daha çox səyahət edir, bu da tıxacları və ekoloji riskləri artırır. Sürücülərin əhəmiyyətli bir hissəsi kölgə iqtisadiyyatında işləyir və çox az adam lazımi “fərqlənmə nişanı” alır”.

O deyib ki, nazirliyin hədəfi taksilərin sayını deyil, taksi sifarişlərinin sayını azaltmaqdır.

“Taksi gedişlərinin əksəriyyəti 1,5 -3 kilometr ətrafındadır. Bu məsafəni ya ayaqla, ya ictimai nəqliyyatla getmək olar. “İctimai nəqliyyat varmı?” sualı başqa bir mövzudur. Bizim ictimai nəqliyyatla bağlı kifayət qədər problemlərimiz var. Datalara görə ölkədə təxminən 67 min taksi fəaliyyət göstərir. Biz düzgün strategiya qursaq, həm iş saatlarını, həm gəlirləri tənzimləməklə onlar öz iş yerlərindən və gəlirlərindən məhrum olmayacaqlar”.

Nazir vurğulayıb ki, taksi qiymətləri qalxacaq.

“Dünyanın heç bir yerində belə taksi qiymətləri yoxdur”, o qeyd edib.

Nəbiyev hesab edir ki, yeni islahatlar Bakıda mobilliyin artırılmasına, əhalinin ictimai nəqliyyata çıxışının yaxşılaşdırılmasına və yollarda tıxacların azaldılmasına yönəlib.

O əmin olduğunu bildirib ki, normativ hüquqi aktlara təklif olunan dəyişikliklər sərnişin və yük daşımaları sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə imkan verəcək.

“Qanunvericiliyə yeni dəyişikliklər sahibkarların maraqlarını qoruyarkən ölkənin iqtisadi inkişafına kömək edəcək”, o qeyd edib.

Azərbaycanda hazırda ondan çox taksi şirkəti, o cümlədən xarici şirkətlər Bolt, Uber, Yango, Maxi fəaliyyət göstərir. Azad rəqabət şəraiti mövcud olduğundan son illərdə taksi xidməti qiymətləri 2-3 dəfə aşağı düşüb. Rəsmi məlumatlara görə hazırda Bakı şəhərində 67 mindən çox avtomobil taksi ximdəti göstərir.

Nazirin çıxışı ictimai mühitdə, sosial şəbəkələrdə müzakirələrə yol açıb. Müzakirələrdə taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması dəstəklənsə də qiymət artımı əks reaksiya ilə qarşılanıb.

Əlixan Vəliyev 30 ildən çoxdur taksi xidməti ilə məşğuldur. O həm səhər saatlarında şagirdləri məktəbə çatdırır, digər vaxtlarda isə paytaxt Bakının mərkəzi küçələrində insanlara taksi xidməti göstərir.

“Gün ərzində iş saatım çox olsa da ailəmin dolanışığı üçün pul qazana bilirəm. Oğlum, gəlinim ali təhsilli olsa da iş tapa bilmir. Ailəm mənim qazancımdan asılıdır. Hazırda qiymətlər ucuz olsa da müştərilərin sayı çoxdur. Sabah qiymət qalxanda müştəri az olacaq, köhnə avtomobillərə isə minən olmayacaq. Belə görünür köhnə avtomobilə sahib olan sürücülər qazanc əldə edə bilməyəcək. Bu halda mənim ailəmin vəziyyətini düşünün,” o, Amerikanın Səsinə deyib.

Sosial şəbəkə istifadəçisi Fərhad Quluzadə bildirir ki, Azərbaycanda avtobus qiymətinə olan taksilərə hər kəs minə bilir.

“Paşa Holdinq taksi şirkəti təsis etdikdən sonra taksi qiymətləri o qədər artacaq ki kasıblar taksi görəndə təəccüb edəcək”, o qiymətlərin kasıb əhali üçün əlçatan olmayacağını düşünr.

Yusif Abdulov bildirir ki, dünyanın heç bir yerində onun qədər pensiya almırlar.

“41 il əmək stajım var, müqabilində 370 manat pensiya alıram. Mən də Avropadakı qədər pensiya istəyirəm ki taksiyə minim”, o qeyd edib

İqtisad elmlər doktoru Qubad İbadoğlu hesab edir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi qiymətlərinin ucuz olmasından narahat olmamalıdır.

“Çünki “Baki Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Tənzimləyici funksiya daşımaqla yanaşı kommersiya fəaliyyəti göstərən sahə nazirinin belə açıqlaması maraqların toqquşmasıdır. Odur ki, ilk növbədə bu konflikt aradan qaldırılmalı, sonra nazirin bu barədə söz hüququ tanınmalıdır. Görsənən odur ki, Azərbaycanda dövlət rəqabəti deyil, inhisarı dəstəkləyir və hökümət bütünlüklə Paşa Holdinqin bazar payının artımına və iqtisadi hökmranlığının gücləndirilməsinə xidmət edir”, o qeyd edib.

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hesab edir ki, taksi xidmətinin bahalaşması ilə bağlı deyilənlər ölkədə monopolist şirkətlərin mənafeyinə xidmət edir.

“Bu ölkədə ya ac qalmalısan, ya da qazandığın bir tikə çörəyə görə də hökumətdən asılı, minnətli olmalısan. Sən demə 67 min ailə bu qaydanı pozurmuş. Həm çətinliklə də olsa çörək qazanır, həm də hökumətdən minnətli deyil. Taksi xidməti həm də ona görə bahalaşmalıdır ki, bu günlərdə Paşa Holdinq bu sahəyə də əl qoyub. Olmaz axı ki, bu boyda milyarder şirkət balaca pullarla, ucuz qiymətlə iş görsün. Təbii ki, adamlar alışıblar qaz vurub qazan doldurmağa. İndiki taksi qiymətləri heç Paşa Holdinqin ad-sanına yaraşırmı? Təbii ki, yaraşmır və tədbir görülməlidir. Bəs sadə azərbaycanlılar nə etsin bu vəziyyətdə? Hökuməti bu sual maraqlandırmır. Onlar çoxdandır ki, qərarlarını verəndə sadə insanların vəziyyətini nəzərə almırlar. Çünki əmindirlər ki, sadə, əzilən azərbaycanlılar rejimin onlarla hesablaşması üçün heç nə etmirlər. Belə düşünməkdə haqsızdırlarmı?” o sual edib.

Öz növbəsində Paşa Holdinq şirkəti hələ deyilənlərlə bağlı mövqe bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG