Accessibility links

Maştağada 2 azyaşlının meyitinin quyuda aşkar edildiyi bildirilir


Mayın 17-si Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən quyuda 2 azyaşlının meyitinin aşkar edildiyi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Baş Prokurorluğun mayın 18-də yaydığı məlumatda deyilir.

İlkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilmədiyi qeyd olunur.

Məlumata görə, zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.

FHN-in məlumatına görə, 2013-cü il təvəllüdlü iki uşaq dərinliyi təxminən 45-50 metr, diametri 2,5 metr, içərisində su, mazut və məişət tullantıları olan quyuya düşüb.

Xilasedicilər xüsusi vasitələrlə azyaşlıların meyitlərini çıxarıb.

Həyatını itirən Hüseyn Qasımovun qohumu Vaqif Rüstəmov "Abzas Media"ya bildirib ki, hadisə "SOCAR"ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ərazisində baş verib. O bildirib ki, evlərinin yaxınlığına park yoxdur deyə uşaqlar məcbur qalıb orada oynayırlar:

"Uşaq həyətdə oynayırmış, nənəsi deyib, gedək bibingilə, uşaq da getməyib ki, oynayıram. Nənəsi gedəndən sonra uşaq dostu ilə orada oynayıb və hadisə olub. Quyu açıq sahədə, köhnədən olan quyudur. Ərazi "SOCAR"ın ərazisidir. Orda başqa quyular da var ki, üstü açıqdır. Dərin quyulardır, istifadə olunmur, təhlükəlidir. Bunu bağlamaq lazımdır. Bizim tərəfdə uşaqların oynaması üçün normal yer yoxdur. Ayda bir dəfə Maştağanın içindəki parka aparırıq, amma bizim evlərin yanında parkımız yoxdur".

Maştağa qəsəbəsinin icra nümayəndəsinin müavini Ramin Ağazadə təsdiqləyib ki, hadisə "SOCAR"ın ərzisindəki quyuda baş verib. Ağazadə qeyd edib ki, quyu işlək quyu olmayıb.

"Açıq ərazidir, uşaqlar orda oynamağa giriblər, hadisə həmin vaxt baş verib. Ərazidəki təhlükəsizlik məsələlərinə "SOCAR"ın mühafizə xidməti nəzarət edir. Bu günə qədər həmin yerlə bağlı sakinlərdən bizə heç bir şikayət daxil olmamışdı, ancaq hadisədən sonra üstüaçıq quyuların üstünün bağlanması, təhlükəsizlik tədbirlərinin görülməsi üçün "SOCAR"a rəsmi müraciət etmişik" - deyə, o bildirib.

Baş verən hadisə ilə bağlı "SOCAR"ın mətbuat xidmətinin rəhbəri Elçin Kazımov bildirib ki, məsələ araşdırılır, yaxın zamanda ictimaiyyətə məlumat veriləcək.

Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma başladılıb.

XS
SM
MD
LG