Accessibility links

Rusiyanın Ukraynaya raket zərbələri nəticəsində azı 17 nəfər ölüb


Aprelin 28-də gecə saatlarında Rusiya Ukrayna şəhərlərinə ağır raket zərbələri endirib. Son saatlara olan məlumata əsasən azı 17 nəfər həyatını itirib. Baxmut şəhəri uğrunda ağır döyüşlər getdiyi bir vaxt edilən bu hücumları Prezident Volodimir Zelenksi “Rusiyanın terror gecəsi” adlandırıb.

Daxili işlər naziri İhor Klimenko bildirib ki, ölkənin mərkəzindəki Çerkassı vilayətində yerləşən Uman şəhərində raketin doqquz mərtəbəli yaşayış binasına düşməsi nəticəsində azı 15 nəfər həlak olub. Klimenko xəbər verib ki, axtarış-xilasetmə əməliyyatları davam etdiyi üçün ölənlərin sayı arta bilər.

Çerkassı vilayəti hərbi administrasiyasının rəhbəri İhor Taburets ölənlər arasında ikisi 10 yaşlı uşaq olmaqla üç uşağın olduğunu xəbər verib.

Uman Şəhər Şurası üç günlük matəm elan edib və rəsmilər bildirir ki, prokurorlar hücumla bağlı müharibə cinayətləri təhqiqatına başlayıblar.

Hücumla əlaqədar olaraq Zelenski Twitter-də yazıb ki, "Rus terrorunun daha bir gecəsi. Raketlər və PUA-lar. Rus şərini silahla dayandırmaq olar – bizim müdafiəçilər bunu edir. Və bunu həmçinin sanksiyalarla dayandırmaq olar - qlobal sanksiyalar gücləndirilməlidir ".

Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Serhiy Lısak Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin 7 raketi vurmaqda müvəffəq olduğunu deyib. Lakin bununla belə o, Dnepr çayı üzərində yerləşən böyük şəhər Dniproda Rusiyanın hücumu nəticəsində bir qadın və bir körpə uşağın həlak olduğunu bildirib.

"Dniproda şəxsi ev dağıdılıb. 2 yaşlı qız və 31 yaşlı qadın həlak olub. Üç nəfər yaralanıb" deyə Lısak bildirib.

Kyivin hərbi administrasiyasının rəhbəri Serhiy Popko xəbər verib ki, Ukraynanın Hava Hücumundan Müdafiə qüvvələri paytaxtı hədəfə alan raketlərin əksəriyyətini vurub.

"İlkin məlumatlara görə, Kyivin hava məkanında 11 qanadlı raket məhv edilib. Bundan başqa, iki pilotsuz təyyarə vurulub" Popko əlavə edib.

Elektrik xətti sıradan çıxıb, mülki infrastruktura da ziyan dəyib.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı bildirib ki, Ukrayna şəhərlərinə çoxtərəfli hücum Xəzər dənizi regionundan gələn strateji Tu-195 Rusiya təyyarəsi tərəfindən həyata keçirilib.

Komandanlıq xəbər verir ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri Ukraynanın mərkəzi, şərqi və cənubunda 23 qanadlı raketdən 21-ni və iki pilotsuz təyyarəni məhv edib.

Hücumla əlaqədar olaraq Rusiya Müdafiə Nazirliyi özünün strateji bombardmançı təyyarələri vasitəsi ilə Ukrayna Ordusunun ehtiyat hissələrinin cəbhə xəttinə çatmasının qarşısını almaq üçün gecə ərzində hərbi hədəflərə yüksək dəqiqliklə zərbələrlə endirdiyini bildirib.

“Rusiya Hərbi Hava Qüvvələri bir gecədə Ukrayna ordusunun ehtiyat hissələrinin müvəqqəti yerləşdiyi ərazilərə uzun mənzilli, yüksək dəqiqlikli silahlardan istifadə etməklə kollektiv raket zərbəsi endirib” deyə nazirliyin sözçüsü İqor Konaşenkov brifinq zamanı bildirib.

Rusiya Ukraynaya genişmiqyaslı işğalının başlanğıcından bəri, əksini göstərən çoxlu dəlillərə baxmayaraq, mülki insanları hədəf aldığını inkar edir.

Kyiv vilayətinə endirilən hava zərbələrindən az sonra Çexiya və Slovakiya prezidentləri Petr Pavel və Zuzana Çaputova Ukrayna paytaxtına gəliblər.

XS
SM
MD
LG