Accessibility links

BMT Baş katibi Rusiyanı Ukraynaya qarşı müharibəyə görə kəskin tənqid edib


BMT-nin baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrovun da iştirak etdiyi iclasında danışır, 24 aprel 2023.
BMT-nin baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrovun da iştirak etdiyi iclasında danışır, 24 aprel 2023.

BMT-nin baş katibi Antonio Quterreş bazar ertəsi Təhlükəsizlik Şurasının iclasında Rusiyanın Ukraynaya təcavüzünün “Ukrayna və onun xalqına böyük iztirab və dağıntılar gətirdiyini” və “COVID-19 pandemiyasının səbəb olduğu qlobal iqtisadi sarsıntıları” daha da ağırlaşdırdığını bildirib.

“Böyük güclər arasında gərginlik tarixi baxımdan yüksək həddədir. Yanlış hərəkətlər və yanlış hesablama nəticəsində münaqişə riskləri də belədir,” Quterreş bildirib.

BMT baş katibinin yanında oturan Rusiya xarici işlər naziri Sergey Lavrov Şuraya dünyanın indi hətta Soyuq müharibə dövründə olduğundan daha təhlükəli vəziyyətdə olduğu ilə bağlı xəbərdarlıq edib.

“Soyuq müharibə dövründə olduğu kimi, biz təhlükəli, bəlkə də daha təhlükəli həddə çatmışıq,” Lavrov sədrlik etdiyi “Beynəlxalq Sülhün və Təhlükəsizliyin Qorunması” mövzusunda sessiyada deyib. Rusiya aprel ayında 15 üzvdən ibarət quruma aylıq rotasiya ilə sədrlik edir.

Bir çox Qərb və digər ölkələrin hökumətləri Moskvanın Ukraynaya qarşı apardığı müharibə fonunda Rusiyanın Təhlükəsizlik Şurasının “BMT prinsiplərinin müdafiəsi vasitəsilə effektiv çoxtərəflilik” adlı iclasını çağırmaq qərarını tənqid edib.

Quterreş həmçinin Ukrayna ilə taxıl ixracatına dair BMT-nin vasitəçiliyi ilə əldə edilmiş razılaşmanın davam etdirilməsinə çağırıb. Rusiya Qərb tərəfindən Rusiyanın qida və gübrə məhsullarının ixracına “maneələr” adlandırdığı səbəblərə görə razılaşmanı pozacağı ilə hədələyib.

“Bu cür əməkdaşlıq hər kəs üçün daha çox təhlükəsizlik və firavanlığın təmin edilməsi üçün lazımdır,” Quterreş bildirib.

ABŞ səfiri Linda Tomas-Qrinfild deyib ki, effektiv çoxtərəfliliyə dair dinləmə “hərəkətlərində BMT Nizamnaməsinə açıq-aşkar etinasızlıq nümayiş etdirən şura üzvü tərəfindən çağırılsa belə” vacibdir.

“Bu qanunsuz, əsassız və lazımsız müharibə bizim aqressiv müharibə və ərazi işğalının qəbulolunmaz olduğuna dair ən ümumi prinsiplərimizlə birbaşa ziddiyyət təşkil edir,” Linda Tomas-Qrinfild Rusiyanı vəhşiliklərdə və hərbi cinayətlərdə günahlandıraraq bildirib.

“Biz burada oturarkən, Rusiya qüvvələri [Ukraynada] mülki insanları öldürməyə və yaralamağa davam edir,” o əlavə edib.

ABŞ səfiri Linda Tomas-Qrinfield iclasa Rusiyada 2020-ci ildə casusluq ittihamı ilə həbs olunan amerikalı Pol Vilanın bacısı Elizabet Vilanın müşayiəti ilə gəlib.

Lavrova birbaşa müraciətində ABŞ səfiri onu Vaşinqtonun və başqalarının bildirdiyi kimi, qondarma ittihamlarla Rusiyada saxlanılan amerikalı jurnalisti və keçmiş ABŞ dəniz piyadasını azad etməyə çağırıb.

“Mən sizi Pol Uilan və Evan Qerşkoviçi dərhal azad etməyə çağırıram ki, Paul və Evanın evə qayıda bilsinlər,” Tomas-Qrinfild deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG