Accessibility links

Rusiya qüvvələri Ukraynanın mühasirədə olan Baxmut şəhərinə hücumları davam etdirir


Ukrayna ordusu bildirib ki, mühasirədə olan Baxmut şəhəri və ətrafında intensiv döyüşlər davam edir. Ukrayna qüvvələri ötən gün ərzində şərqdə Rusiya qüvvələrinin 49 hücumunu dəf edib.

"Düşmən əhəmiyyətli itkilərə baxmayaraq, ərazimizi işğal etmək planlarından əl çəkmir. Baxmut və Maryinka uğrunda ən şiddətli döyüşlər davam edir," Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 14-də yayımladığı gündəlik brifinqində bildirib.

Brritaniya Müdafiə Nazirliyi aprelin 14-də kəşfiyyat məlumatlarının xülasəsində Rusiyanın Baxmuta hücumu intensivləşdirdiyini bildirərək, Rusiya hərbi qüvvələri və Vaqner muzdluları aralarında "əməkdaşlığı yaxşılaşdırdığını" əlavə edib.

"Ukrayna müdafiəçiləri hələ də şəhərin qərb rayonlarını əllərində saxlayır, lakin şəhər son 48 saat ərzində xüsusilə Rusiyanın intensiv artilleriya atəşinə məruz qalıb" - deyə, Britaniya Müdafiə Nazirliyi bildirib.

Aprelin 13-də Moskva Ukrayna qoşunlarının Baxmutda yolunun kəsildiyini iddia etsə də, Kremllə əlaqəsi olan Vaqner muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojin şəhərin mühasirəyə alındığını demək üçün hələ "çox tez" olduğunu bildirib.

Digər tərəfdən Ukraynanın Şərq Qüvvələr Komandanlığının sözçüsü Serhiy Çervatiy AFP xəbər agentliyinə bildirib ki, Ukrayna hərbçiləri Baxmutda hələ də qoşunlarla əlaqə saxlayır və onları yenidən sursatla təmin edə biliblər.

"Bu, reallığa uyğun gəlmir,"Ç ervatiy həmçinin Rusiyanın iddialarına cavab olaraq deyib.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri aprelin 14-də bildirib ki, Ukrayna Rusiya tərəfindən işğal olunmuş Krım da daxil olmaqla, ərazisini azad etmək üçün qadağan olunmayan istənilən silahı "sınayacaq və istifadə edəcək".

"Krım Ukraynanın ərazisidir və biz orada beynəlxalq qanunlarla qadağan olunmayan və ərazilərimizin azad edilməsinə kömək edə biləcək istənilən silahı sınaqdan keçirib istifadə edəcəyik" deyə Oleksiy Danilov Twitter səhifəsində yazıb.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba aprelin 13-də bildirib ki, Kyiv Rusiyanın işğalçı qüvvələrinin həmin dörd bölgədən, eləcə də Moskvanın 2014-cü ildə qeyri-qanuni ilhaq etdiyi Krımdan çıxarılması tələbindən geri çəkilməyəcək.

XS
SM
MD
LG