Accessibility links

Twitter yayım təşkilatlarına "Hökumət tərəfindən maliyyələşdirilən media" etiketinə görə tənqid edilib


Media qurumları və analitiklər Twitter-in BBC, Amerikanın Səsi və NPR-ı (Milli İctimai Radio) "hökumət tərəfindən maliyyələşdirilən media" kimi qələmə vermə qərarını pisləyib, siyasətin tətbiqinin ardıcıl olmadığını və müstəqil media orqanlarına etimadı azaltmaq riski yaratdığını bildirib.

Twitter ilk dəfə aprelin 4-də Milli İctimai Radionun əsas hesabına "dövlətlə əlaqəli media" etiketini əlavə edib və şənbə günü bunu "dövlət tərəfindən maliyyələşdirilən media" adlandırıb. O, Amerikanın Səsi və Britaniya Yayım Korporasiyasının əsas hesablarına eyni sözləri əlavə edib.

Dövlətə bağlı etiketdən daha çox Çin və Rusiya kimi ölkələrdə dövlətin nəzarətində olan təbliğat vasitələri üçün istifadə olunur.

NPR ilk dəfə dövlətə bağlı olduğu barədə etiketi alanda onun baş icraçı direktoru Con Lansinq deyib: "NPR söz azadlığının tərəfdarıdır və güclü məsuliyyətə malikdir. Twitter-in bizi bu şəkildə etiketləməsi qəbuledilməzdir. Bu, güclü, canlı azad mətbuat demokratiyamızın sağlamlığı üçün vacibdir".

Mətbuat azadlığının müdafiəçiləri də narahatlıqlarını dilə gətirib.

"Ümumi maraqlara xidmət edən media ilə təbliğat mediası arasındakı qarışıqlıq təhlükəlidir və sosial media platformalarının jurnalistikanın nəyin olub-olmadığını müəyyənləşdirməkdə səriştəli olmadığının bir daha sübutudur" - deyə, Sərhədsiz Reportyorlar Təşkilatının texnologiya masasının rəhbəri Vinsent Bertier bəyanatında deyilir.

NPR-nin illik əməliyyat büdcəsinin 1%-dən az hissəsi İctimai Yayım Korporasiyası və federal qurumların qrantlarından gəlir.

NPR Twitter-in sahibi İlon Mask və müxbirlərindən biri arasında e-poçt yazışması haqqında məlumat verib. Bu yazışmada Mask etiraf edib ki, platforma dövlətlə əlaqəli etiketi əlavə edərkən NPR-nin hökumətlə əlaqəsi aydın deyil.

Müxbir ona NPR-nin illik gəlirinin yalnız 1%-ni federal hökumətdən aldığını söylədikdə Mask "Yaxşı, o zaman təyinatı düzəltməliyik" deyib.

Bazar ertəsi Amerikanın Səsinin İctimaiyyətlə Əlaqələr Departamenti də Twitter-in qərarına qarşı çıxaraq bildirib ki, etiket Amerikanın Səsinin müstəqil bir qurum olmadığı təəssüratı yaradır.

Twitter Amerikanın Səsinin şərh sorğusuna cavab verməyib.

Amerikanın Səsi ABŞ hökuməti tərəfindən ABŞ Qlobal Media Agentliyi vasitəsilə maliyyələşdirilir, lakin onun redaksiya müstəqilliyi qaydalar və təhlükəsizlik divarı ilə qorunur.

Britaniyanın BBC telekanalı ilk növbədə hökumət tərəfindən təyin olunan və sakinlər tərəfindən ödənilən illik televiziya lisenziyası haqqı ilə maliyyələşir.

BBC yeni etiketə etiraz etdiyini və bunun dəyişdirilməsi üçün Twitter ilə əlaqə saxladığını bildirib.

Hökumətlər tərəfindən maliyyə alan digər müstəqil media orqanlarının Twitter hesablarına hələlik bu etiket əlavə olunmayıb.

XS
SM
MD
LG