Aprelin 10-da saxlanılan Müsəlman Birliyi Hərəkatının üzvü Tərlan Seyidov aprelin 11-də sərbəst buraxılıb. Bu barədə Tərlan Seyidovun yaxınları məlumat verib.
Taleh Seyidov aprelin 10-da sosial şəbələrdə yayılan video-görüntüdə avtomobildə ailəsi ilə birlikdə gedərkən mülki geyimli şəxslər tərəfindən heç bir izahat verilmədən saxlanılır.
"Günorta saat 1 radələrində Tərlan Seyidov zəng elədi və bildirdi ki, sərbəst buraxılıb. Dediyinə görə, gəlir, yoldadır," deyə yaxınları bildirib.
Ailəsinin məlumatına görə, aprelin 10-da Tərlan Seyidov da son günlər həbs olunan çoxsaylı dini inanclı şəxslər kimi narkotik ittihamıyla şübhəli şəxs qismində saxlanılıb. Buna görə də onun aprelin 11-də tam sərbəst buraxıldığı, yoxsa cinayət təqibi altında olduğu, yaxud, istintaq dövrü üçün barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyi məlum deyil.
Daxili İşlər Nazirliyindən (DİN) məlumat almaq mümkün olmayıb.
Müsəlman Birliyi Hərəkatının məlumatına görə, son üç ayda təşkilatın 27 üzvü həbs olunub. Həbs edilənlərin hamısına narkotik ittihamı verilib.
Aprelin 7-də Azərbaycan Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan sədri Taleh Bağırzadə son zamanlar inanclı şəxslərin saxlanılması ilə bağlı açıqlama yayıb.
Bağırzadə bildirib ki, Azərbaycanda "anti-islam, xüsusi olaraq anti-şiə meyillər uzun illərdir hakimiyyətin gündəmindədir".
"Bunun üçün ölkənin inanclılarına qarşı repressiv davranışlar zamanla bu və ya başqa formada təzahür etməkdədir," açıqlamada bildirilir.
Son vaxtlar ölkədə 400-ə yaxın dini inanclı şəxsin həbs olunduğu bildirilir. Bu barədə ictimai fəallar, hüquq müdafiəçiləri məlumat yayıb. Həbs olunanların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Onların yaxınları və vəkilləri bu ittihamların saxta olduğunu bildirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev inanclı şəxslərin həbsindən xəbərsiz olduğunu bildirib.